Mahir Xəttab Ramiz Göyüşovdan 2 min alarkən saxlanılıb

Ötən gecə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sayt rəhbəri Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Azinformasiya.Az xəbər verir ki, Binəqədi rayon məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə istintaqın təqdimatı təmin edilib. Mahir Xəttab barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun vəkili Mehman Muradlı bildirib ki, Mahir Xəttab YAP-ın Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən saxlanılıb.

M.Xəttab məhkəmədə çıxışında etiraf edib ki, Ramiz Göyüşovdan 2 min manat alarkən saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, M.Xəttab Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmək) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, Mahir Xəttab “Azadinfo.az” saytının rəhbəridir.

Qeyd edək ki, bir neçə gün öncə Ramiz Göyüşovun virtual erotik görüntüləri yayılıb. Bu gün həbs edilən Mahir Xəttab da ondan bu məsələ ilə bağlı açıqlama almışdı.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlu 8 sentyabr 2021-ci il tarixdə YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib.

Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün R.Göyüşovun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı 09 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir