“Azəriqaz”dan peyvəndə görə işçilərin maaşının kəsiləcəyi xəbərinə – Reaksiya

Sosial şəbəkələrdə “Azəriqaz” İB-nin əməkdaşlarının məcburi şəkildə vaksinasiyaya cəlb edilməsi barədə məlumatlar yayılıb.

Bildirilir ki, əməkdaşlara sentyabrın 20-nə qədər vaksin olunmaq və yaxud əks göstəriş sertifikatının alınması ilə bağlı göstəriş verilib. Həmçinin peyvənddən imtina edənlərin maaşlarının verilməyəcəyi və bir aylıq ödənişsiz məzuniyyətə göndəriləcəkləri də iddia edilir.

“Qafqazinfo” yayılan məlumatlarla əlaqədar “Azəriqaz” İB- nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında bildirib ki, birliyin əməkdaşları vətəndaşlarla sıx kontaktda işlədiklərindən koronavirusa yoluxma riskləri minumum olmalıdır: “Vaksin olunmadığı halda özünü də, vətəndaşı da təhlükə altında qoyur. Ona görə də biz “Azəriqaz” İstehsalat Birliyi olaraq əməkdaşlarımızın vaksin olunmasını tövsiyə etməklə yanaşı vacib hal hesab edirik. Əgər hansısa əməkdaşın buna ciddi şəkildə əks göstərişi varsa, o müvafiq sənədləri və tibbi arayışı “Azəriqaz”a təqdim etməlidir.

Belə olan halda həmin şəxs vaksinasiyadan azad olunur. Əgər kimsə vaksinasiyadan imtina edirsə, onun da antitelləri yoxlanılır. Həmin şəxsin ev şəraitində işini necə davam etdirməsi məsələsi qurum tərəfindən aydınlaşdırılır. Ancaq buna görə işçilərin işdən azad edilməsi və yaxud maaşlarının kəsilməsi məsələsi barədə heç bir göstəriş yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir