Bu gün Bakının bəzi ərazilərində, əsasən də bağ massivlərində, ətraf qəsəbələrdə və onların inkişaf ərazilərində içməli su təchizatı vətəndaşların özləri tərəfindən çəkilmiş tikinti normalarına cavab verməyən xətlər hesabına təmin edilir. Abşeron rayonunun Ceyranbatan, Saray, Masazır, Novxanı, Hökməli, Qobu, Binəqədi, Sabunçu, Suraxanı rayonlarının qəsəbələrinin belə hallara daha çox rast gəlinir.
Bunu “Azinformasiya.Az”a açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, vətəndaşlar bəzən su xətlərini torpağın üstü ilə çəkirlər: “Yeni tikilən evlərin sahibləri qonşudan su çəkməklə fərdi şəbəkələri genişləndirir ki, bu da istismarda çətinliklər yaradır. Həmin ərazilərdə sudan uçotsuz, yəni qeyr-qanuni istifadə halları çoxluq təşkil edir. Bizim əməkdaşlar o xətləri nə vaxt aşkar etsə, onda qanunsuz istifadənin qarşısını ala bilirik. İl ərzində 1 000-dən çox bu kimi hallar aşkar edilir. Araşdırmalarımız göstərir ki, ən çox sayğacdankənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur”.