Dünya üzrə koronavirusa yoluxanlarda ölüm göstəricisi təxminən 2,3 faizdir. Mart ayında 3,3% idi. Bəzi ölkələrdə bu faiz çoxdur.
Məsələn, Peruda 9,3%, Meksikada 8,4%, Ekvadorda 6,5%. Azərbaycanda ölüm göstəricisi cəmi 1,4%-dir. Amerikada 1,7%, İsraildə 1,8%, Yaponiyada 2,3%, Ermənistanda 2%, Kanadada 3% və s. Qardaş Türkiyə ən yaxşı nəticə göstərən ölkələr siyahısındadır – 0,6%.
Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib. O bildirib ki, hər yerdə real yoluxma sayının 10 dəfə çox, real ölüm hallarının isə 2 dəfə çox olması düşünülür:
“Bizdə ölüm faizinin aşağı olmasını həkimlərimizin can yandırması ilə əlaqələndirirəm. Bəzi neqativ hallar hər yerdə olduğu kimi, burada da müşahidə olunmağına baxmayaraq, digər ölkənin həkimləri ilə müqayisədə həkimlərimiz və tibbi personalımız məncə, daha çox istiqanlı, humanistdir. Pandemiyada bu, çox vacibdir”.
Həkim vaksin vurdurmaqda tərəddüd edənlərə də tövsiyə verib:
“Soruşurlar ki, “Sinovac”, yoxsa “Pfizer”? Hansı məsləhətdir? Bu sual geniş yazı tələb edir, amma qısaca olaraq öz gəldiyim nəticəni sizə deyim. Əgər sadəcə pasport almaq üçün məcburən vurdurursunuzsa, sizin üçün daha təhlükəsiz olan “Sinovac”ı seçin. Əgər məqsədiniz koronavirusdan daha güclü qorunmaqdırsa, “Pfizer”i seçin”