“Azərbaycan da Gürcüstan, Litva, Polşa, Türkiyə ilə yanaşı strateji tərəfdaşımızdır. Strateji tərəfdaşlıq uzunmüddətli birgə hədəflərinin olması deməkdir”.
Bunu Ukrayna Ali Radasında (parlament) dövlət təhlükəsizliyi və müdafiə alt komitəsinin üzvü İrina Vereşuk bildirib.
Deputatın sözlərinə görə, Ukrayna ilə Azərbaycan separatçılıq və yerli münaqişələr baxımdan eyni çətinliklərlə üzləşib:
“Bizim vəziyyətimiz daha çətindir, çünki Rusiya bilavasitə bizə qarşı fəal şəkildə hibrid müharibə aparır. Lakin biz tez öyrənirik. Parlamentin aidiyəti komitəsinin üzvü olaraq hibrid təhdidləri dəf etməklə bağlı işçi qrupuna rəhbərlik edirəm. Hibrid təhdidləri dəf etməklə bağlı getdikcə təcrübə toplayırıq. Amma hər halda ordumuzu məqsədli şəkildə və sürətlə modernləşdirməli, bu istiqamətdə ABŞ, Böyük Britaniya, Türkiyə ilə hərbi-texniki əməkdaşlığa üstünlük verməliyik”.
“Qarabağda Azərbaycan ordusunun qələbəsi əvvəla uzun illər boyu məqsədyönlü modernləşdirmənin bəhrəsidir. Bu mənada nəinki texniki təchizatı, həm də bir sıra zabitlərin xaricdə təhsil almalarını nəzərdə tuturam” – deyən ukraynalı millət vəkili Azərbaycanla müdafiə sahəsindəki əməkdaşlıq məsələsinə də toxunaraq hərbi-texniki əməkdaşlığı, silahlı qüvvələri modernləşdirmək üçün təcrübə mübadiləsini ön plana çəkib: “Həm də Azərbaycanla münasibətlərimiz son iki il ərzində geosiyasi müstəvidə güclənib. Bunu Ukrayna prezidenti Volodımır Zelenskiy də qeyd edib”.