Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “AZİNFORMASİYA.AZ”a verilən məlumata görə, müraciətdə deyilir:
“Media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar.
Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub. Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir.
Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər.
Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq, BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək bildiririk ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.
Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət altında
saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin, jurnalist təşkilatlarının baş verənlərə duyarlı olmasını tələb edirik”.
Məmməd Gülməmmədov – Türkiyə, Haber Global
Sevil Nuriyeva – Türkiyə, Türkmedia Grup
Natiq Nailəoğlu – Türkiyə, Real TV
Nigar Mahmudova – Türkiyə, Haber Global
İlhamə Qasımlı – Türkiyə, müstəqil jurnalist
Məhsəti Şərif – Türkiyə, müstəqil jurnalist
Könül Şamilqızı – Türkiyə, müstəqil jurnalist
Nigar Ögeday – Türkiyə, müstəqil jurnalist
Vüqar Abbasov – Niderland connect təşkilatının rəhbəri, jurnalist
Xatirə Sərdarqızı – Niderland, Real TV
Tünzalə Rafiqqızı – Almaniya, müstəqil jurnalist
Fərahim Qasımov – Almaniya, xeber.de
Vahid İmanov – İspaniya, müstəqil jurnalist
Səadət Kadırova – Rusiya, politoloq, jurnalist
Şəhriyar İmanbəyli – Rusiya, “Vostok”media-holdinqin vitse-prezidenti
Xəyal Tağıyev – Rusiya, müstəqil jurnalist
Nilufər Şıxlı – Rusiya, RİA Novosti
Ramiz Məşədihəsənli – Qazaxıstan, Türkel Media
Əsli Xəlilqızı – Türkiyə, müstəqil jurnalist
Azər Cahangirov – Rusiya, beynəlxalq jurnalist
Nailə Əfəndiyeva – Rusiya, polska.ru saytının redaktoru
İdrak Abbasov – Norveç, İctimai Teleradio Şirkəti
Azər Məmmədov – Gürcüstan, müstəqil jurnalist
Hicran Əliyeva – Polşa, müstəqil jurnalist
Vahid Qazi – İsveç, müstəqil jurnalist
Müseyib Ələkbərov – Rusiya, news.ru saytının redaktoru
Oqtay Hacımusalı – Türkiyə, müstəqil jurnalist
İlkin Hüseynov – Gürcüstan, aktual.ge
Nahid Qurbanov – Gürcüstan, interpress.ge
Ülkər Fərmanqızı – Türkiyə, voicepress.com.tr