Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib
Bu barədə AZİNFORMASİYA.AZ şirkətə istinadən xəbər verir.
Z.Zeynalova Birləşmiş Krallığın Nottingem Trent Universitetinin insan resurslarının idarəedilməsi və inkişafı üzrə diplomuna malikdir, ABŞ-ın Texas A&M Universitetinin İcraedici Rəhbər üzrə İnkişaf Proqramının məzunudur. O, İnsan Resurslarının İdarəedilməsi və İnkişafı üzrə Akkreditə Olunmuş İnstitutun (CIPD) üzvüdür. Azərbaycan Tibb Universitetinin bakalavr pilləsi üzrə məzunudur.
Z.Zeynalova dünyanın müxtəlif coğrafi bölgələrində 25 ildən artıq idarəetmə və təşkilati inkişaf üzrə peşəkar təcrübəyə malikdir. O, 20 il müddətində BP şirkətinin Azərbaycan, Birləşmiş Krallıq və ABŞ ofislərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Həmçinin “PricewaterhouseCoopers” (PwC) və “Pasha Construction Group” şirkətlərində rəhbər vəzifələrdə işləyib.
Qeyd edək ki, “Azercell Telekom” MMC-nin öncəki rəhbəri Vahid Mürsəliyev müqavilə müddəti bitdiyi üçün tutduğu vəzifədən ayrılıb.
Məlumata əsasən, lider mobil operatorun yeni prezidentinin əsas prioriteti “Azercell”in kommunikasiya üzrə fəaliyyətinin inkişafı ilə yanaşı, Azərbaycanda rəqəmsal transformasiyada qabaqcıl mövqeyini təmin etmək olacaq.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir.
Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.