“Ötən il COVID-19 pandemiyasının dünyada yayılmağa başlamasından dərhal sonra Azərbaycan pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri oldu və bu istiqamətdə bir sıra dəyərli təşəbbüslərlə çıxış etdi. Belə ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası 2020-ci ilin 3-4 dekabr tarixlərində uğurla keçirildi və bu, beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verdi. Bununla yanaşı, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri oldu. Qəbul olunmuş bu qətnamə, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə etməklə yanaşı, Azərbaycan bütün dövlətləri peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır”.
Azinformasiya.Az xəbər verir ki, bunu AzərTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat xüsusilə vurğulayıb ki, hazırda davam edən prosesdə vaksinlərin ədalətli bölgüsündə problemlər müşahidə olunur. Azərbaycan Prezidenti fevralın 26-da yerli və beynəlxalq mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməməsi məsələsinə bir daha toxundu. Dövlət başçısı nitqində vurğuladı:“ Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük”.
Prezident İlham Əliyev qeyd edib ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşəcək. Məhz bu çıxışlardan sonra BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Bu, dünyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərilən böyük hörmət və ehtiramın növbəti təzahürüdür.
T.Cəfərova qeyd edib ki, bütün bu təşəbbüslərə baxmayaraq, pandemiya ilə mübarizədə qazanılmış uğurlara rəğmən, sanki, vaksin kimi önəmli məsələdə də ölkəmizə qarşı ikili standartlar tətbiq edilir. Belə ki, Azərbaycan COVAX təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olmasına baxmayaraq, COVAX tərəfindən Azərbaycana vaksinlərin verilməsində müəyyən problemlər yaranıb. COVAX Azərbaycan tərəfinə bildirib ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər isə COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, ölkəmizə vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.
Əlbəttə, belə yanaşma qeyri-ciddidir və nəticədə COVAX-a olan etibarı heçə endirir. Bütün bunlarla yanaşı, Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq, öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib. Azərbaycan dövləti pandemiya ilə əlaqədar bütün qabaqlayıcı tədbirləri həyata keçirib, hər şeyi vaxtında düşünülmüş şəkildə aparıb. Bu səbəbdəndir ki, COVAX-ın ədalətsizliyə yol verməsi Azərbaycan üçün böyük fəsad törətmir. Artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub. Beləliklə, Azərbaycanın bütün imkanları səfərbər edərək vaksinin vaxtında tədarükünə nail olması ölkəmizin öz vətəndaşlarının qayğısına yüksək səviyyədə qalmasının bariz nümunəsidir.