Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən 2026-cı il noyabrın 12-də Dublində imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisədir. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsini, mövcud əlaqələrin daha geniş istiqamətləri əhatə etməklə strateji tərəfdaşlıq səviyyəsində inkişafını nəzərdə tutur.
Bəyannamənin imzalanması təsadüfi xarakter daşımır. Bu, uzun müddət ərzində qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf edən münasibətlərin məntiqi davamıdır. İki ölkə arasında diplomatik əlaqələrin müxtəlif mərhələlərində formalaşmış siyasi dialoq, enerji sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı təmaslar bugünkü tərəfdaşlığın əsasını təşkil edir. Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin hüquqi və siyasi təməlləri daha əvvəl qəbul edilmiş sənədlərlə möhkəmləndirilib. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olub. 2026-cı ildə imzalanan yeni sənəd isə həmin siyasi irsə əsaslanaraq münasibətlərin daha geniş sahələrdə inkişafı üçün yeni çərçivə müəyyənləşdirir. Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki strateji tərəfdaşlıq yalnız diplomatik münasibətlərin yüksək səviyyədə olmasını ifadə etmir. Bu anlayış dövlətlər arasında uzunmüddətli əməkdaşlıq iradəsini, qarşılıqlı maraqların uzlaşdırılmasını, müxtəlif sahələrdə institusional əlaqələrin qurulmasını və gələcək çağırışlara birgə yanaşma imkanlarının genişləndirilməsini özündə ehtiva edir. Bəyannamənin məzmunu da məhz bu yanaşmanı əks etdirir.
Sənədin mühüm siyasi müddəalarından biri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin bir daha təsdiqlənməsidir. Burada dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət xüsusi vurğulanır. Azərbaycan üçün bu prinsiplər fundamental dövlətçilik məsələsidir. Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdən etibarən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirib. Ərazi bütövlüyünün təmin olunması, suverenliyin möhkəmləndirilməsi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olub. Bu baxımdan, həmin prinsiplərin Azərbaycan və Böyük Britaniya arasında imzalanmış strateji sənəddə təsbit olunması mühüm siyasi əhəmiyyət daşıyır.
Bəyannamədə regional sülh və təhlükəsizlik məsələlərinə də xüsusi yer ayrılıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımların alqışlanması bu baxımdan diqqətəlayiqdir. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasını regionun gələcək inkişafı üçün əsas şərtlərdən biri hesab edir. Uzun illər münaqişə və qarşıdurmaların təsiri altında qalmış regionda yeni əməkdaşlıq mühitinin formalaşması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, iqtisadi münasibətlərin genişləndirilməsi və xalqlar arasında etimadın möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Böyük Britaniyanın Bəyannamədə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə ikitərəfli dialoq yolu ilə dəstəyini təsdiqləməsi tərəflər arasında siyasi təmasların davam etdirilməsi baxımından əhəmiyyətlidir. Davamlı sülhün əldə olunması region dövlətlərinin suverenliyinə və qarşılıqlı maraqlarına hörmət əsasında mümkündür. Bu yanaşma həm regional təhlükəsizliyin, həm də iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı da genişlənməkdədir. Artıq dövlətlərin təhlükəsizliyi yalnız ənənəvi hərbi amillərlə ölçülmür. Kibertəhlükəsizlik, transmilli cinayətkarlıq, sərhəd təhlükəsizliyi, institusional dayanıqlılıq, hüquq-mühafizə orqanlarının əməkdaşlığı və yeni texnoloji təhdidlər də dövlətlərin təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib.
Bəyannamənin müdafiə və təhlükəsizlik bölməsi bu reallıqları nəzərə alır. Sənəddə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, təlim və potensialın artırılması, qarşılıqlı fəaliyyət imkanlarının inkişaf etdirilməsi, müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılması nəzərdə tutulur. Bununla yanaşı, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi sahələrdə təcrübə mübadiləsi də prioritet istiqamətlər kimi müəyyənləşdirilir. Bu müddəalar göstərir ki, tərəflər təhlükəsizlik məsələlərinə kompleks yanaşmanın vacibliyini qəbul edirlər. Müasir dövrdə təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq yalnız mövcud təhdidlərə reaksiya vermək deyil, həm də onların qarşısının alınması üçün institusional və texniki imkanların gücləndirilməsi deməkdir.
Azərbaycanın yerləşdiyi geosiyasi məkan bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat, enerji və ticarət əlaqələrinin inkişafında mühüm mövqeyə malikdir. Bu mövqe regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərində Azərbaycanın rolunu artırır. Böyük Britaniya ilə münasibətlərin daha geniş təhlükəsizlik gündəliyini əhatə etməsi də qarşılıqlı maraqların uzlaşdırılması baxımından əhəmiyyətlidir. İkitərəfli münasibətlərin digər mühüm istiqaməti iqtisadi əməkdaşlıqdır. Bəyannamədə güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın uzunmüddətli sabitlik və rifah üçün vacib təməllər olduğu qeyd edilir.
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri enerji sektorudur. Bu əməkdaşlıq uzun illər ərzində iki ölkənin iqtisadi münasibətlərinin əsas sütunlarından birinə çevrilib. Böyük Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı ölkəmizin enerji potensialının inkişafına, beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə və iqtisadi əlaqələrin möhkəmlənməsinə təsir göstərib. Lakin bugünkü münasibətlər yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Bəyannamədə bərpaolunan enerji, aşağıkarbonlu texnologiyalar, yaşıl maliyyələşdirmə və enerji təhlükəsizliyi kimi istiqamətlərin ayrıca qeyd edilməsi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu, Azərbaycanın enerji siyasətində həyata keçirdiyi şaxələndirmə xətti ilə də uzlaşır.
Orta Dəhlizin inkişafı da sənəddə xüsusi diqqət çəkən məsələlərdəndir. Azərbaycan coğrafi mövqeyindən istifadə etməklə Şərqlə Qərb arasında nəqliyyat və logistika bağlantılarının inkişafına mühüm töhfə verir. Bu dəhlizin imkanlarının genişləndirilməsi yalnız Azərbaycanın tranzit potensialını artırmır, eyni zamanda region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradır. Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq nəqliyyat, logistika, infrastruktur və investisiya imkanlarının genişləndirilməsi baxımından yeni perspektivlər yarada bilər. Xüsusilə beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlılığının artırılması və yeni iqtisadi bağlantıların formalaşdırılması müasir qlobal iqtisadiyyatın əsas tələblərindəndir.
Bəyannamənin diqqətçəkən cəhətlərindən biri də təhsil, elm və innovasiya sahələrinin strateji tərəfdaşlığın əsas istiqamətləri sırasında yer almasıdır. Müasir dövrdə dövlətlərin iqtisadi və siyasi gücü yalnız təbii resurslarla deyil, eyni zamanda insan kapitalı, elmi potensial, texnoloji imkanlar və innovasiya qabiliyyəti ilə müəyyən olunur. Bu baxımdan, ali təhsil, peşə təhsili, rəqəmsal bacarıqlar, süni intellekt, elmi tədqiqat və texnoloji əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın inkişafı hər iki ölkə üçün yeni imkanlar yarada bilər. Təhsil və elm sahəsində əməkdaşlıq həm də xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, peşəkar şəbəkələr və mədəni əlaqələr dövlətlərarası münasibətlərin cəmiyyətlər səviyyəsində də inkişafına şərait yaradır.
Bəyannamənin mühüm yeniliklərindən biri onun icrasının davamlılığını təmin etməyə yönəlmiş illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılaşmadır. Bu görüşlər sənəddə nəzərdə tutulan istiqamətlər üzrə görülən işlərin nəzərdən keçirilməsi, yeni prioritetlərin müəyyənləşdirilməsi və əməkdaşlığın praktiki nəticələrinin qiymətləndirilməsi üçün institusional mexanizm rolunu oynayacaq. Əslində, hər hansı strateji sənədin əhəmiyyəti yalnız onun imzalanması ilə deyil, nəzərdə tutulan müddəaların konkret layihələrə, təşəbbüslərə və nəticələrə çevrilməsi ilə ölçülür. Bu baxımdan, illik görüşlər mexanizmi tərəfdaşlığın ardıcıl inkişafı üçün vacib vasitədir. Azərbaycan-Böyük Britaniya münasibətlərinin bugünkü səviyyəsi uzunmüddətli siyasi dialoqun, qarşılıqlı maraqların və praktik əməkdaşlığın nəticəsidir. Yeni Birgə Bəyannamə bu münasibətləri daha geniş sahələr üzrə inkişaf etdirmək üçün siyasi iradəni və ortaq baxışı nümayiş etdirir.
Sənədin əsas əhəmiyyəti ondan ibarətdir ki, burada tərəfdaşlıq yalnız keçmişdə əldə edilmiş nəticələr üzərində qurulmur, həm də gələcək çağırışlara uyğun yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir. Müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, enerjidən təhsilə, innovasiyadan insanlararası əlaqələrə qədər geniş sahələri əhatə edən bu çərçivə iki ölkə arasında münasibətlərin çoxşaxəli inkişafına xidmət edir. Azərbaycanın müstəqil xarici siyasət kursu, beynəlxalq əməkdaşlığa açıq yanaşması və regional bağlantıların inkişafına verdiyi əhəmiyyət Böyük Britaniya ilə tərəfdaşlığın gələcək perspektivləri üçün mühüm zəmin yaradır. Dublində imzalanmış Birgə Bəyannamə isə bu əməkdaşlığın siyasi və institusional əsaslarını daha da möhkəmləndirən yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Şahin Seyidzadə
Milli Məclisin deputatı

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir