Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq

Sərhədi keçərək Şaki kəndinə daxil olan Azərbaycan Ordusunun hərbçisi müəyyən müddət Ermənistanda qalacaq.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə sualları cavablandırarkən bildirib.

O qeyd edib ki, baş verən hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.

Paşinyanın sözlərinə əsasən, hadisə zamanı yaralanan Ani Avetyan adlı kənd sakini polis əməkdaşlarının gəlməsini gözləsəydi, bütün bunlar baş verməzdi.

“Hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıb. Onlar evdə tanımadıqları şəxsi görərək bu barədə analarına məlumat veriblər. Bundan sonra qadın polisə zəng edib, lakin özü də hadisə yerinə getmək qərarına gəlib və polis əməkdaşlarından əvvəl oraya çatıb”, – o qeyd edib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bəzi sosial media səhifələrində Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə xəbərlər yayıldığı qeyd olunub.

“Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılmış, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilmişdir.

Bundan başqa, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilmişdir.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir”, – Baş Prokurorluğun məlumatında deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir