Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir.
Azinformasiya.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Paşinyanın sözlərinə əsasən, hazırda Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir. O bildirib ki, layihənin reallaşması nəticəsində Ermənistan 1990-cı illərin əvvəllərindən mövcud olan nəqliyyat təcridindən çıxacaq.
“İlk növbədə, biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Biz Ermənistan-Türkiyə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Daha geniş kontekstdə isə bu, beynəlxalq logistikanı dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək”, – Paşinyan deyib.
Ermənistanın Baş naziri vurğulayıb ki, bu layihələrin həyata keçirilməsi Fars körfəzi regionu ilə Qara dəniz hövzəsini birləşdirən dəmir yolu əlaqələrinin açılmasına da şərait yarada bilər.
Azinformasiya.az