Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizdə səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, görüş zamanı Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlıq sahələri, o cümlədən gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında əməkdaşlıq 2012-ci ildən etibarən həyata keçirilir.
Görüşdə Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və təşəbbüslər, həmçinin Vatikan arxivindəki fondların rəqəmsal mühafizəsi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən il Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladaraq, ötən illər ərzində Azərbaycan və Vatikan arasında, eləcə də Heydər Əliyev Fondu ilə geniş əməkdaşlığın qurulduğunu bildirib.
Qonaq Azərbaycana səfəri zamanı bir sıra qurumlarda görüşlər keçirildiyini, müzakirələr zamanı Vatikan kolleksiyalarında Azərbaycanla bağlı qorunan nadir əlyazmaların müəyyənləşdirilməsi, təhlili, tərcüməsi və rəqəmsallaşdırılması məsələlərinin diqqət mərkəzində olduğunu deyib.
Bildirilib ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi ilə əməkdaşlıq çərçivəsində əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılmasına dair mövcud müqavilə üzrə Azərbaycanın tarixi və mədəni irsi, eləcə də türkdilli xalqların irsi ilə bağlı əhəmiyyətli əlyazmaların bərpası və rəqəmsallaşdırılması həyata keçirilib.
Ötən il Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında imzalanan anlaşma memorandumuna uyğun olaraq 2026-cı ildə azərbaycanlı alimlərdən ibarət nümayəndə heyətinin Vatikanda tədqiqatlar aparması nəzərdə tutulur. Tədqiqatlar Cənubi Qafqaz və Azərbaycan tarixi, eləcə də Ağqoyunlu və Səfəvi hökmdarlarının Roma papaları ilə diplomatik əlaqələrinə dair materialları əhatə edəcək.
Eyni zamanda, gələcəkdə azərbaycanlı tələbələrin Vatikanda kitabxanaçılıq və arxiv sahələri üzrə təhsil alma imkanları da müzakirə olunub.
Görüş zamanı Vatikan nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə olunub. Qonaqlar isə Vatikan arxivində XX əsrin əvvəlində Azərbaycan tarixinə aid saxlanılan sənədin surətini hədiyyə ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi, həmçinin Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanış olublar. Klassik avtomobillər sərgisinə ziyarət zamanı Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov müxtəlif dövrlərə aid avtomobillər barədə qonağa ətraflı məlumat verib. Daha sonra qonaqlar su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisi ilə tanış olublar. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.





Azinformasiya.az