Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

 

Azinformasiya.az  xəbər verir ki, “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.

Sonra dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.

Prezident İlham Əliyev: İşğal dövründə harada qalırdınız?

Qadın işçi: Gəncədə.

Digər qadın işçi: Şuşa sakiniyəm.

Prezident İlham Əliyev: İndi harada yaşayırsınız? Şuşada?

Qadın işçi: Xankəndidə.

Prezident İlham Əliyev: Yaxındır, indi yol da çəkilir, daha rahat olacaq. On dəqiqəyə Şuşaya getmək mümkün olacaq. Bir də kanat yolu da olacaq, yəqin ki, eşitmisiniz. Xankəndidən Şuşaya kanat yolu, eşitmisiniz?

Qadın işçi: Bəli.

Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram.

Qadın işçi: Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir