Hazırkı mərhələdə ABŞ İranın təklifini qəbul edə bilmədiyini açıqlayıb, lakin Pakistan vasitəsi ilə daha dəqiq qiymətləndirmə əldə olunacağı gözlənilir.
Azinformasiya.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
O deyib ki, İran ABŞ-ın maksimalist tələbləri qarşısında təslim olmayacaq, çünki bu tələbləri ədalətsiz hesab edir.
Bəqainin sözlərinə əsasən, İran Nüvə silahlarının yayılmaması haqqında müqaviləsinin üzvü olduğu müddətdə sənədin verdiyi hüquqlardan, o cümlədən dinc məqsədlər üçün nüvə enerjisindən istifadə hüququndan yararlana bilməlidir: “Qarşı tərəf isə Atom Enerjisi üzrə Beynəlxal Agentliyin İranın nüvə proqramının tamamilə dinc xarakter daşıdığını təsdiqləyən hesabatlarını nəzərə almır”.
XİN sözçüsü qeyd edib ki, Tehran beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsaslanan prinsipləri yazılı şəkildə təsbit edəcək anlaşma memorandumuna razılaşmağa hazır olub: “Bu prinsiplərin düzgünlüyü və əhəmiyyətini heç kim şübhə altına ala bilməzdi. Bundan sonra 30 günlük, ehtiyac olarsa, uzadıla bilən müddət ərzində mümkün razılaşmanın detalları müzakirə olunmalı idi. Ümumi çərçivə bu idi və növbəti addımın nə olacağına baxmaq lazımdır”.
Bəqai, həmçinin qeyd edib ki, İran ordusu hər ssenariyə hazırdır və Tehran üçün sərt və qəti cavabdan başqa seçim yoxdur: “İran bunu ötən ilin iyununda və son müharibə zamanı da göstərib, çünki bu, ədalətsiz müharibədir”.
Azinformasiya.az