Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Azinformasiya.Az-ın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir.
Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir.
Dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında şəxsən Sizin misilsiz rolunuz var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin və strateji müttəfiqliyimizin daha da möhkəmləndirilməsi yolunda qətiyyətiniz, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyiniz xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm”.