“Gördük ki, danışıqlar yolu ilə torpaqlarımızı qaytarmaq mümkün deyil. Dünya ictimaiyyəti də Ermənistanın işğalına göz yumurdu. Ancaq biz Türkiyənin də siyasi dəstəyi sayəsində 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdik. 44 günlük müharibə bizə bir şeyi də göstərdi: XXI əsrin müharibəsi texnologiya savaşıdır. Zəfərimizdə Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-larının rolu çox böyükdür”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin Ankara Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Emin Əmrullayev söyləyib.
Onun sözlərinə görə, Vətən müharibəsindəki qələbə azərbaycanlıların Xocalı soyqırımına baxışını da dəyişdirib: “Çünki biz keçmişdə Xocalıdan bəhs edərkən məğlub bir xalqın fərdləri kimi danışırdıq. İndi ilk dəfə Xocalıdan danışarkən qələbə çalmış bir xalqın fərdi olaraq bəhs edirik. Gələcək nəsillərə Xocalını unutdurmamaq üçün görüləcək çox işimiz var. Zəfər əldə etdik, ancaq ədalət əldə etmək üçün görüləcək işimiz çoxdur”.
Nazir Xocalıda baş verən faciənin Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi olduğunu deyib: “Azərbaycanlılar 1992-ci ilin fevralınadək uzun illər birgə yaşadıqları ermənilərin onları bu şəkildə qətlə yetirəcəklərini ağıllarına belə gətirmirdilər. Hətta vaxtı ilə Ermənistanın prezidenti olmuş Serj Sarqsyanın təbiri ilə desək, Xocalı qırğını ermənilər azərbaycanlı dinc sakinləri öldürməz tabusunu qırıb”.
E.Əmrullayev tədbir iştirakçılarına Xocalı soyqırımında ermənilərin azərbaycanlı 613 mülki şəxsi öldürüldüyünü xatırladıb: “Ermənistan ordusu 1992-ci il fevralın 26-da girdiyi Xocalıda uşaq və qadınlar daxil olmaqla yüzlərlə dinc sakini öldürüb və mindən çox insanı əsir götürüb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində böyük soyqırımı gerçəkləşdirən ermənilər 29 il öncə 106-sı qadın, 83-ü uşaq olmaqla ümumilikdə 613 azərbaycanlını vəhşicəsinə qətlə yetirib. Son illərdə törədilən ən böyük soyqırımı və hərbi cinayət olaraq tarixə keçən Xocalı soyqrımının günahkarları hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar”.