“Azərbaycan torpaqlarının işğaldan azad olunması yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun icrasına şərait yaradır. Bununla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərdə ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastukturun, o cümlədən təhsil və tibb müəssisələrinin, habelə, tarixi və mədəni irsin və ətraf mühitin məruz qaldığı ziyan və dağıntıların görünməmiş miqyası bu ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycan Hökuməti qarşısında böyük vəzifə qoyur. Hökumət artıq köçkün əhalinin təhlükəsiz və ləyaqətli qayıdışını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışı təmin etmək üçün praktiki tədbirlərə başlamışdır”.
“Azinformasiya.Az“ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Azərbaycan münaqişə bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi mühitinə yenidən inteqrasiya etməyə və onlara Azərbaycanın etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməyə qərarlıdır. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı etibarlı hüquqi çərçivəni təmin edir.
Sülhün bərqərar olması, bərpa və yenidənqurma işləri, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, o cümlədən məcburi köçkün və qaçqınların qayıtması əsas prioritet olmalıdır. Bu məqsədlə Azərbaycan BMT-nin humanitar yardım üzrə 1991-ci ildə qəbul edilmiş prinsiplərinə tam uyğun olaraq müvafiq beynəlxalq tərəfdaşlarla, o cümlədən BQXK, BMTQAK və digər BMT qurumları ilə, habelə regionda sülh və stabilliyə töhfə vermək istəyən fərdi dövlətlərlə işləməyə hazırdır.
Bu yanaşma beynəlxalq hüquqa, eləcə də BMT-nin humanitar yardım, münaqişə-sonrası bərpa və yenidənqurma sahəsində işlərini tənzimləyən qətnamə və sənədlərinə əsaslanır və münaqişənin yaralarını sağaltmağa yönəlmış etimad quruculuğu tədbirləri kimi çıxış edəcəkdir”, – nazir bildirib.