QAİ-nin Suraxanı rayon nümayəndəliyində növbəti tədbir keçirildi

İxdiyar Nəcəfov: “Növbəti hədəf tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır”

 

Azinformasiya.az  xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi və Qərbi Azərbaycan İcmasının (QAİ) Suraxanı rayon nümayəndəliyi yanvar ayı ərzində bir sıra tədbirlər həyata keçirib. Belə ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 yanvar hadisəsinin 36-cı ildönümü münasibətilə Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov və kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin məzarı önünə tər güllər düzərək onların əziz xatirəsini dərin ehtiramla yad ediblər. İxdiyar Nəcəfov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib: “Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi”.

Bələdiyyə sədri qeyd edib ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli lider Heydər Əliyev olmuşdur: “Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: “…1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: “…Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, resrublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

İxdiyar Nəcəfovun sözlərinə görə, bundan sonra yüz illər ötsə də, Azərbaycan xalqı 20 yanvar hadisəsini və bu hadisə zamanı canını qurban verən igid oğul və qızlarımızı unutmayacaq.

QAİ-nin Suraxanı rayon nümayəndəliyinin rəhbəri, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfovun rəhbərliyi altında Qaraçuxur bələdiyyəsinin inzibati binasında 2 fevral- Gənclər günü ilə bağlı Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib. İlk olaraq Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şirin canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan İxdiyar Nəcəfov  bildirib ki, Ulu Öndərin 1997-ci il 2 fevral fərmanına əsasən, ölkəmizdə Gənclər Gününün dövlət səviyyəsində qeyd edilməsi yeniyetmə oğlan və qızlarımıza sanki əlavə güc, stimul verdi. Gənclərin ən sevimli məşğuliyyəti olan idmanla yanaşı, ictimai-siyasi işlərə geniş cəlb olunması bu strategiyanın təməl prinsiplərinə çevrildi: “Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə səsləndirdiyi kimi, hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını gənclər təşkil edir. Danılmaz faktdır ki, gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyündən xəbər verir. Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında özünü bir daha doğrultdu. Zəfəri daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin “dəmir yumruğ”unun Zəfərində 200 ildən artıq əsarət altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsini hədəfləyən uğurlu siyasi manevrlərində də vətənpərvər gənclərin birliyinin şahidi olduq”.

İxdiyar Nəcəfov həmçinin onu da bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir, Ordumuz güclənir, müdafiə və təhlükəsizlik tədbirləri genişləndirilir: “Çünki iqtisadiyyatı və ordusu güclü olan dövlət hər zaman bir addım öndədir. Azərbaycan xalqı da Vətən müharibəsində olduğu kimi dövlətinin, Ordusunun yanındadır, həmrəydir. Xalq-dövlət-ordu birliyi isə böyük qüvvədir və biz məhz bu qüvvənin sayəsində döyüş meydanında Zəfər çaldıq, adımızı tarixə yazdıq. Zəfərindən sonra yeni dövrdə inkişaf yolunda inamla irəliləyən Azərbaycanın nüfuzu durmadan artır. Biz olanları geri qaytarmaqda iradəli və qətiyyətliyik. Əvvəldən əsas hədəflərimiz torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Bu hədəfə artıq nail olunub. Növbəti hədəf isə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. Müzəffər Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi ilə biz bu məqsədə də çatacağımıza əminik”.

Tədbirdə çıxış edən Qərbi Azərbaycandan olan gənclər İlham Əliyevin gənclər siyasətini dəstəklədiklərini bildirərək tezliklə Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandıqlarını dilə gətiriblər. Görüş zamanı QAİ-nin Suraxanı rayon nümayəndəliyinin qəsəbələr üzrə rəhbərləri təyin olunub. Belə ki, İbrahim İbrahimov, Novruz Quliyev Hövsan, Hüseyn Vəliyev Zığ, Mahir Kərimov Bülbülə, Mehdi Təhməzov Yeni Suraxanı, Rövşən İskəndərov, Habil Məhərrəmov Qaraçuxur və Orxan Muxtarov isə Əmircan qəsəbələri üzrə rəhbərlər təyin olunublar. İxdiyar Nəcəfov yeni təyin olunan qəsəbə rəhbərlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir