Avropa İttifaqında (Aİ) Ukraynanın artıq 2027-ci ildə Avropa İttifaqına qəbulunu nəzərdə tutan qeyri-rəsmi plan mövcuddur.
Azinformasiya.az Macarıstanın “Telex” nəşrinə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərə bildirib.
Onun sözlərinə əsasən, Aİ-yə məxsus və ictimaiyyət üçün nəzərdə tutulmayan bir sənəddə Ukraynanın sürətləndirilmiş qaydada Avropa İttifaqına üzvlüyü və bu məqsədlə Kiyevə 800 milyard avro vəsaitin ayrılması ehtimalı müzakirə olunur.
“Telex” nəşri qeyd edir ki, Brüsselin Ukraynaya bu məbləğdə maliyyə ayırmaq planı doğrudur, ancaq vəsaitin 10 il ərzində, əsasən Rusiya ilə müharibədən sonra ölkənin sosial-iqtisadi bərpasına yönəlmiş müxtəlif layihələr çərçivəsində verilməsi nəzərdə tutulur.
Orban, həmçinin qeyd edib ki, Ukrayna Macarıstanda hakimiyyət dəyişikliyinə çalışır:
“Ukrayna Macarıstanda hakimiyyət dəyişikliyinə çalışır. Çünki növbəti 100 il ərzində Ukraynanın Aİ-yə üzvlüyünə səs verəcək Macarıstan parlamenti olmayacaq. Bu səbəbdən Kiyev Budapeştdə Ukraynapərəst hökumətin formalaşmasında maraqlıdır”.
Qeyd edək ki, Macarıstanda aprel ayında parlament seçkiləri keçiriləcək. Sorğulara əsasən, Orbanın rəhbərlik etdiyi hakim milli-konservativ “Fides” partiyası keçmiş müttəfiqi Peter Macarın liderlik etdiyi müxalif “Tisa” partiyasına uduza bilər.
“Tisa” partiyası “Fides”lə müqayisədə daha avropayönümlü mövqedən çıxış edir və Ukraynaya dəstək verir. Orban və onun partiyası isə Avropada ən çox Kremlə yaxın siyasi qüvvələrdən biri kimi tanınır.
Azinformasiya.az