Rusiyanın Ukraynaya qarşı orta mənzilli ballistik raket — “Oreşnik”dən istifadə etdiyini bəyan etməsindən sonra Kiyev BMT Təhlükəsizlik Şurasının, o cümlədən Ukrayna–NATO Şurasının fövqəladə iclaslarının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” platformasında paylaşım edib.
“Rusiya Lvov bölgəsinə qarşı “Oreşnik” adlanan orta mənzilli ballistik raketdən istifadə etdiyini iddia edir. Avropa İttifaqı və NATO sərhədinə yaxın belə bir zərbə Avropa qitəsindəki təhlükəsizliyə ciddi təhdid və transatlantik icma üçün bir sınaqdır. Rusiyanın məsuliyyətsiz hərəkətlərinə qarşı sərt reaksiyalar tələb edirik. Bu təhlükəli zərbənin təfərrüatları barədə ABŞ-ı, Avropa tərəfdaşlarını və bütün ölkələri və beynəlxalq təşkilatları diplomatik kanallar vasitəsilə məlumatlandırırıq”, – məlumatda qeyd edilib.
Ukrayna XİN başçısı bütün dövlətləri və beynəlxalq təşkilatları Rusiyaya qarşı təzyiqləri gecikmədən artırmağa çağırıb: “Rusiyanın bu zərbəni heç vaxt baş verməyən saxta “Putinin iqamətgahına hücum”la haqq qazandırmağa çalışması absurddur. Bu, Moskvanın terroru və müharibəsi üçün heç bir real səbəbə ehtiyacı olmadığının daha bir sübutudur. Putin öz halüsinasiyalarına cavab olaraq Aİ və NATO sərhədi yaxınlığında IRBM-dən istifadə edir – bu, həqiqətən qlobal bir təhdiddir. Və qlobal reaksiyalar tələb edir. Rus tanker donanmasına qarşı daha güclü addımlar atılmalıdır. ABŞ burada tədbir görməkdə haqlıdır – o cümlədən Rusiyanın neft gəlirlərinə, sxemlərinə və aktivlərinə qarşı: Təkcə Aİ-də deyil, bütün dünyada. Bütün məsul dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın yalanlarını ifşa etməyə və təzyiqi dərhal artırmağa çağırırıq”.
Rəsmi Kiyev BMT Təhlükəsizlik Şurasının, Ukrayna–NATO Şurasının təcili iclasının çağırılması, o cümlədən Avropa İttifaqı, Avropa Şurası və ATƏT çərçivəsində müvafiq reaksiyaların verilməsi üçün təşəbbüslərlə çıxış edəcəyini bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücuma cavab olaraq “Oreşnik”lə Ukraynaya kütləvi zərbələr endirdiyini bəyan edib.
Azinformasiya.az