“Avropalılara inansaydıq, Gürcüstan indiki Ukrayna kimi xaraba qoyulmuş ölkəyə çevrilərdi”.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa Prezidenti Emmanuel Makronun Avropanın Rusiya ilə dialoq aparmalı olduğu ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə əsasən, Rusiyanı guya təcrid edən avropalılar indi onunla dialoqun bərpasından danışırlar.
“Dörd il ərzində eşidirdik ki, onlar Rusiyanı təcrid ediblər və ticarət aparmırlar. Daha sonra məlum oldu ki, Rusiya ilə ticarət əlaqələri saxlayırlar. Litva və Estoniya Rusiyaya alkoqollu içkilərin satışından varlanıb. Bu ölkələr Rusiyaya Gürcüstandan daha çox alkoqollu içkilər ixrac edirlər”, – Papuaşvili vurğulayıb.
Spiker eyni zamanda bütün müharibələrin sonda sülhlə başa çatdığını qeyd edib:
“Ancaq məsələ ondan ibarətdir ki, müharibədən kim əziyyət çəkəcək. Bu müharibədə qalibin kim olacağını söyləmək hələ mümkün deyil. Ancaq artıq indi əminliklə demək olar ki, bu müharibənin iki məğlub tərəfi var: Ukrayna və Avropa İttifaqı”.
Azinformasiya.az