Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Daha sonra MMU-nun Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə general-mayor Arif Həsənov çıxış edərək qonaqları MMU-nun rəhbərliyi adından salamlayıb.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirən general-mayor A.Həsənov bu müttəfiqliyin hər iki ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalardan danışıb. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbət nəticələrini diqqətə çatdırıb.
Professor S.Salman isə öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Tədbirdə MMU və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdim olunub.
Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir