“İndiyədək vaksin vurulan polis əməkdaşlarının heç birində əlavə təsir qeydə alınmayıb”.
Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının Cərrahiyyə şöbəsinin baş tibb bacısı Tükəzban Əzizova deyib.
“Artıq bir neçə gündür ki, polis əməkdaşlarının vaksinasiyasını həyata keçiririk. Peyvənd vurulan şəxslərin heç birində əlavə təsir müşahidə etməmişik. Vaksinasiyadan bir neçə gün sonra yenidən əlaqə saxlayırıq, heç birində narahatlıq yoxdur və özlərini yaxşı hiss edirlər”, – o bildirib.
Baş tibb işçisi bütün vətəndaşları vaksinasiya olunmağa çağırıb: “Qorxmasınlar, çəkinməsinlər, heç bir əlavə fəsadı yoxdur və vaxtında peyvənd almaq lazımdır”.
Qeyd edək ki, fevralın 6-dan başlayaraq daxili işlər orqanlarının əməkdaşlarının könüllü əsasla vaksinasiyasına başlanılıb. Peyvəndlənmə Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında həyata keçirilir. Respublikanın rayon və şəhərlərində polislərin vaksinasiyası yaxın günlərdə başlayacaq, proses TƏBİB və Səhiyyə Nazirliyinin müalicə-profilaktika müəssisələrində həyata keçiriləcək.