Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinin müdiri Leyla Babayeva şəhid ailələri və qazilərə hər zaman yüksək xidmət göstərir.
Noyabr ayının 8-də mənfur Ermənistan üzərində qazandığımız tarixi Zəfərin 5-ci ili tamam olacaq. Hər birimizə məlumdur ki, 2020-ci ilin 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünya hərb tarixində misli görünməmiş qələbə qazandı. 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında qalmış dogma torpaqlarımız azad edildi. Bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Azərbaycan Ordusu döyüş meydanında şəhidlərimizin qısasını almağı bacardı. Bu gün dünya bizi qalib ölkə, qalib xalq kimi tanıyır. Sözsüz ki, bu tarixi Zəfərə görə ilk növbədə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandanımıza borcluyuq.
44 günlük Vətən müharibəsinin görünməyən qəhrəmanları sırasında tibb işçilərini xüsusi vurğulamaq lazımdır. Cənab Prezident İlham Əliyev demişdir: “Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Çünki müharibə başlanan kimi əmrlərimdən birincisi bəlkə də ondan ibarət idi ki, yaralılara ən yüksək xidmət göstərilməlidir. Yaralılar döyüş meydanından dərhal çıxarılmalı, sanitar maşınlarına mindirilməli və birinci ən yaxın olan tibb mərkəzinə gətirilməlidir”.
Bəli, həkimlərimiz əsl fədakarlıq nümayiş etdirərək öz həyatlarını hətta təhlükəyə ataraq yaralı hərbçilərimizə yüksək səviyyədə xidmət göstərirdilər. Bu ağ xalatlı qəhrəmanlardan biri də Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinin müdiri Leyla Babayevadır. Leyla xanım hələ 44 günlük Vətən müharibəsinin ilk günlərindən yaralı hərbçilərimizə xidmət etmiş və onların gözlərinin nurunu itirməməsi üçün var gücü ilə çalışmışdır. Leyla Babayeva müharibə dövründə şərəflə həyata keçirdiyi işini müharibə birdikdən sonra da davam etdirməkdədir.
Belə ki, o müharibə başa çatdıqdan sonra həm şəhid ailələrinin üzvlərinə, həm qazilərə, həm də müharibə veteranlarına yorulmaq bilmədən xidmət göstərməkdədir. Məhz bu səbəbdəndir ki, onun şəfalı əlləri və yüksək tibbi biliyi nəticəsində yüzlərlə şəhid anası, atası, şəhid övladları və qazilər şəfa tapıb. Bu gün Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinə üz tutan şəhid ailələri və qazilər Leyla xanıma öz dogmaları kimi münasibət göstərirlər. Çünki qarşı tərəfdən də hər zaman bu isti doğmalığı görürlər. Leyla Babayeva həkim adını, peşəsini uca tutmaqla yanaşı, bir insan, vətəndaş olaraq da daim şəhid ailələrinin yanındadır. Yəni o mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, onun yanına gəlməyə fiziki imkanı olmayan şəhid ailəsinin üzvlərinə yaşadıqları evdə tibbi xidmət göstərir.
Şöbə müdiri eyni zamanda, əhalinin aztəminatlı və digər həssas qruplarına daxil olan insanlara da çox yüksək səviyyədə, usanmadan xidmət göstərir. Budur Leyla Babayevanın fərqi. O əsl həkimdir və Azərbaycanda oftalmologiya elminin ən görkəmli nümayəndəsi olmuş mərhum akademik Zərifə xanım Əliyevanın layiqli davamçılarından biridir.
Biz xalq olaraq Zəfərimizi daim qorumalı və onu gələcək nəsillərə ötürməliyik. Bu tarixi Zəfərin qazanılmasında əsas rolu olan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazi və müharibə iştirakçılarına Allahdan can sağlığı arzu edirik. Qələbəni bizə yaşadan, Azərbaycanı dünyaya Qalib Ölkə kimi tanıdan Müzəffər Ali Baş Komandanımıza can sağlığı və uzun ömür arzulayırıq.
Sonda qarşıdan gələn 8 noyabr Zəfər günü münasibətilə ağ xalatlı qəhrəmanımız Leyla Babayevanın timsalında müharibədə və müharibədən sonrakı dövrdə də zəhməti keçən bütün həkimlərimizi ürəkdən təbrik edirik.


Azinformasiya.az