650-dən artıq pilotsuz uçuş aparatı və müxtəlif tipli 50-dən artıq raketlər vasitəsilə Ukrayna ərazisinə edilən hava hücumu nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
Zelenski bildirib ki, Zaporojiya şəhərində yaşayış binaları zədələnib, yataqxanada dağıntılar var. Hücum nəticəsində onlarla insan yaralanıb, o cümlədən beş uşaq xəsarət alıb. İki nəfərin həlak olduğu bildirilir. Ladijin şəhərində yeddi yaşlı oğlan uşağı ağır yaralanıb.
Ölkə başçısı qeyd edib ki, hücumlar enerji infrastrukturu və gündəlik həyat obyektlərinə də zərbə vurub. Zərər çəkmiş bölgələr arasında Vinnitsa, Kiyev, Mikolayiv, Çerkası, Poltava, Dnipro, Çerniqiv, Sumi, İvano-Frankivsk və Lviv vilayətləri var. Hazırda enerji və su təchizatının bərpası istiqamətində operativ tədbirlər görülür.
Ukrayna Prezidenti Rusiyanın dinc əhaliyə qarşı hücumları davam etdirdiyini bildirib və beynəlxalq ictimaiyyəti təcavüzkara qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb. O, Amerika, Avropa və Yeddilər Qrupunun (G7) bu məkrli dağıdıcı niyyəti görməzlikdən keçirməyəcəklərinə ümid etdiklərini deyən Zelenski Rusiyanın neft-qaz sənayesi və maliyyə sahələrinə, bu müharibəni maliyyələşdirənlərə qarşı ikincili sanksiyalar daxil olmaqla yeni təzyiq addımlarının tələb olunduğunu vurğulayıb.
“Rusiya bu hücumlara görə konkret nəticələrlə üzləşməlidir — yeni sanksiyalar və real iqtisadi təzyiqlər vacibdir”, — Ukrayna Prezidenti bildirib.



Azinformasiya.az