Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər edib.
Azinformasiya.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Füzuli Beynəlxalq Hava Limanında qonaqlara aeroport haqqında məlumat verib.
Məlumatda bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəb, qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında da məlumat verilib. Qeyd edilib ki, Füzuli şəhərində hazırda mərkəzi xəstəxana və Peşə Təhsil Kompleksi tikilir. Dövlətyarlı kəndinin tikintisi isə sürətlə davam edir. Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin tikintisinə bu ilin sonu və gələn ilin əvvəlində start veriləcək. Yaxın vaxtlarda şəhərin mərkəzi parkının tikintisinə başlanılacaq. Pirəhmədli kəndinin tikintisinə isə yeni başlanılıb və 2026-cı ilin sonuna kimi tamamlanacaq.
Sonra nümayəndə heyəti Ağdam rayonuna yollanıb.


Azinformasiya.az