İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.
Azinformasiya.az Ermənistan mediasına istinadən xəbər verir ki, dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub.
Vətəndaş cəmiyyəti nümayəndələrinin görüş təşəbbüsü sülh gündəliyini 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə ruhunda təbliğ etmək məqsədi daşıyıb.
Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kamalə Məmmədova, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.
Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər.
İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər hər iki cəmiyyət üçün maraq doğuran bir sıra məsələləri, eləcə də Ermənistanla Azərbaycan arasında sülh prosesinin perspektivlərini, humanitar məsələləri, münasibətlərin normallaşdırılması kontekstində iqtisadi və logistik imkanları, həmçinin etimadın daha da möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər. Müzakirələr zamanı planların hazırlanmasına və qrupun birgə təşəbbüslərinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilib.
Görüşün ikinci hissəsində Qriqoryan sualları cavablandırıb.
Azinformasiya.az