Sentyabrın 1-də mənzil-qərargahı Cenevrə şəhərində yerləşən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli İsveçrə Konfederasiyasının Cenevrədəki BMT bölməsi və digər Təşkilatlar yanında Daimi Nümayəndəsi, eyni zamanda BMT-nin İnsan Hüquqları Şurasının Prezidenti cənab Jürg Lauber ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, görüş zamanı Baş katib təşkilatın Cenevrədə fəaliyyət göstərməsinə göstərilən dəstəyə görə İsveçrə hökumətinə təşəkkürünü bildirib, BMMT adından ev sahibi ölkə ilə mövcud tərəfdaşlığı yüksək qiymətləndirib.
Tərəflər mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə də fövqəladə hallara hazırlıq və risklərin idarə olunması məsələləri istiqamətində fikir mübadiləsi aparmışdır. Ərgüc Kələntərli BMMT ilə İsveçrə Konfederasiyasının aidiyyəti qurumları arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb, öz növbəsində cənab Lauber mülki müdafiənin qlobal təhlükəsizlik və dayanıqlı inkişaf kontekstində artan əhəmiyyətini qeyd edib.
Görüşdə, eyni zamanda gələcək əməkdaşlıq perspektivləri və beynəlxalq mülki müdafiə şəbəkəsinin davamlı tərəfdaşlıq əsasında gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azinformasiya.az