“Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulur”.
Azinformasiya.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans) da may ayında olacaq.
DİM sədri deyib ki, may ayında həmçinin dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans) da keçiriləcək: “May-iyun ayları ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının da olması planlaşdırılır. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyun ayında olması nəzərdə tutulur”.