Azərbaycan Müdafiə Nazirliyi müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səhhətində problemlər yaranması və müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azinformasiya.Az-a bildirilib ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil.
Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub-olmamasına gəlincə, nazirlik bu məsələyə aydınlıq gətirməyib.
Xatırladaq ki, N.Sadıkov 1956-cı ildə anadan olub. O, 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında isə N.Sadıkovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.