Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, yeni naziri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirliyin kollektivinə təqdim edib.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncamla Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib və onun yerinə Rəşad Nəbiyev təyin olunub.
Qeyd edək ki, 26 avqust 1977-ci ildə anadan olan Rəşad Nəbiyev 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.
24 yanvar 2011-ci ildən “Azərkosmos” ASC-nin sədri vəzifəsini icra edir.
1994-2000-ci illərdə Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.