Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı ilə geniş tərkibdə görüşündə deyib.
O qeyd edib ki, Rusiya tərəfi Ermənistanla müttəfiqlik münasibətlərini və iki xalq arasında dərin əlaqələri yüksək qiymətləndirir: “Artıq dövlətlər arasında münasibətlərin bütün sahələrində çoxlu zəmin yaradılıb ki, bundan maksimum və ağıllı şəkildə istifadə etmək lazımdır. Biz əvvəlki kimi təhlükəsizlik sahəsini müttəfiqliyimizin ən mühüm ölçülərindən biri hesab edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq”.
Lavrov qeyd edib ki, bu il Rusiya bazasının yerləşdirilməsinə dair sazişin imzalanmasının 30 illiyi, o cümlədən Rusiya-Ermənistan Humanitar Mərkəzinin açılmasının 10 ili tamam olur. O, həmçinin qeyd edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində erməni həmkarları ilə birgə xidmətini davam etdirirlər.
Onun sözlərinə əsasən, Rusiya Ermənistanın enerji və ərzaq təhlükəsizliyinin etibarlı təminatçısıdır və bu sazişlər tam şəkildə qorunur. O, eyni zamanda əlavə edib ki, hökumətlərarası komissiyanın ritmik işi iki ölkənin hökumət strukturları və biznesi üçün istiqamət müəyyən edir.
Azinformasiya.az