SOCAR-da vacib dəyişikliklərin şərhi – “Rövnəq Abdullayevin səlahiyyətləri məhdudlaşdırıldı”

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasının sədri vəzifəsinə isə Mikayıl Cabbarov təyin edilib.

Məsələ ilə bağlı “Bakupost.az”a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev qeyd edib ki, SOCAR korporativ idarəetmə standartlarından uzaq olan təşkilatlardan biridir:
“SOCAR Azərbaycanın ən böyük, ən çox işəgötürən və ən çox vergi ödəyən şirkətidir. Dövlət şirkətləri arasında korporativ idarəetmə standartlarından uzaq olan təşkilatlardan biridir. Korporativ idarəetmə sistemində qarışıq nəzarət (Müşahidə Şurası, Müşahidə Şurasının idarə heyəti) olur. Burada isə idarə heyətinin rəhbəri Rövnəq Abdullayev idi və heç bir nəzarət yox idi. Audit təşkilatının fəaliyyətinə nəzarət edən (həmçinin sədrin fəaliyyəti) komitəni özü müəyyən edirdi. Yəni öz əli, öz başı idi.
Yeni dəyişiklik isə korporativ idarəetmə standartlarının tətbiqi istiqamətində atılan addımdır. Artıq idarə heyətinə nəzarət edən Müşahidə Şurası yaradılıb. Rövnəq Abdullayev idarə heyətinin sədri vəzifəsində qalacaq. Çünki Müşahidə Şurasının rəhbəri Mikayıl Cabbarov təyin edildi.
Qısası, bu dəyişiklik Rövnəq Abdullayevin və ya həmin vəzifəyə gətiriləcək şəxsin səlahiyyətlərinin məhdudlaşdırılması deməkdir. Bu isə zaman keçdikcə qarışıq nəzarət imkanlarını artıracaq. Növbəti mərhələdə yeni nizamnamə hazırlanmalı, yeni fəaliyyətlər qurulmalıdır”.
S. Əliyev bildirib ki, SOCAR-la bağlı problemlər korporativ idarəetmənin aradan qaldırılması ilə yekunlaşmamalıdır:
“Şirkət kifayət qədər böyükdür və orada lazımsız təşkilatlar çoxdur. Düşünürəm ki, müəyyən qədər sadələşdirilməlidir. Məsələn, “Azəriqaz” və bəzi şirkətlər SOCAR-dan ayrılmalıdır. SOCAR-ın dövlət borcunun idarə edilməsi məsələsi də çox vacibdir.
Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı bu istiqamətdə atılan ilk addım oldu. Ümid edirəm ki, bundan sonra başqa addımlar da atılacaq və bu qərardan sonra həmin problemlər aradan qaldırılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir