Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil olunub.
Azinformasiya.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov tədbiri giriş sözü ilə açaraq bildirib ki, hər bir xalq üçün müstəqil və suveren dövlət qurmaq, onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Vurğulanıb ki, Azərbaycan xalqı üçün bu nailiyyətin hüquqi-siyasi və sosial-iqtisadi təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. O, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın dövlətçilik tariximizin dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Elşən Əzizov qeyd edib ki, bu Sərəncam ölkənin keçmişi, bu günü və gələcəyi üçün mühüm məna daşıyır və hüquqi dövlətçilik, suverenlik dəyərlərinin yeni qlobal çağırışlar fonunda möhkəmləndirilməsi üçün bir fürsətə çevrilməlidir.
Milli Məclisin deputatı Səyyad Salahlı çıxışında bildirib ki, 2025-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30, Vətən müharibəsində qazanılmış Zəfərin isə 5 illiyi qeyd olunacaq. Qeyd olunub ki, məhz bu münasibətlə 2024-cü il 28 dekabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Konstitusiya və Suverenlik İli” elan edilib. Deputat vurğulayıb ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını əsas tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə və prinsipial şəkildə davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sabiq sədri Lütvəli Şıxəliyev, Saatlı rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov və partiya fəalı Adil Adilov Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə misilsiz inkişafın növbəti mühüm mərhələsi gözlədiyini, dövlətimiz və xalqımızın tarixi nailiyyətlərə imza atmaqda davam edəcəyini bildiriblər.
Sonda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqəsi təqdim edilib.
Azinformasiya.az