Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir – ŞƏRH

Bu gün Azərbaycan və Pakistan arasında hərtərəfli münasibətlər mövcuddur.

 

Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafın etməsində Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bu sözləri Azinformasiya.az  saytına açıqlamasında Milli Məclisin deputatı Səyyad Salahlı bildirib. Onun sözlərinə görə, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bir neçə gün öncə Azərbaycana etdiyi dövlət səfəri iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin son illər daha da inkişaf etməsindən xəbər verir: “Hamımız bilirik ki, Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. Xatırladım ki, 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi,  2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir. Bundan başqa, qardaş ölkə İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir”. Səyyad Salahlı qeyd edib ki, Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində fevral ayının 24-də Bakıda imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir: “Məsələn, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında imzalanan Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və digər anlaşma sənədləri iki ölkə arasında mövcud olan sıx əlaqələri bir qədər də inkişaf etdirəcək. Eyni zamanda, Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi son illərdə artan iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın göstəricisidir. Belə ki, 2020-2024-cü illər ərzində hər iki ölkə arasında ticarət dövriyyəsində ciddi artım müşahidə olunub. Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər, əsasən, enerji, kənd təsərrüfatı, əczaçılıq və tekstil sahələri ətrafında formalaşıb. İki ölkə arasında ticarət dövriyyəsi 2020-ci ildə 13,283 milyon ABŞ dolları təşkil edib, lakin 2021-ci ildə 11,7% azalıb. 2022-ci ildə dövriyyə 28,1 milyon ABŞ dollarına qədər yüksəlib. 2024-cü ildı isə bu rəqəm 22 milyon 048 min ABŞ dolları səviyyəsində olub. Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişi (PTS) müzakirə mərhələsindədir. Bu saziş qüvvəyə mindikdən sonra ticarət dövriyyəsinin daha da artacağı gözlənilir”. Səyyad Salahlı həmçinin vurğulayıb ki, son illərdə Azərbaycan və Pakistan arasında təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir: “Təhsil sahəsində qarşılıqlı proqramların inkişafı, universitetlər arasında imzalanan memorandumlar və akademik mübadilə layihələri bu əməkdaşlığı daha da dərinləşdirir.

İki ölkə arasında mədəni tədbirlər, sərgilər və festival proqramları da mütəmadi olaraq təşkil edilir. Pakistanın və Azərbaycanın Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq çərçivəsində hər iki ölkədə bir sıra mədəni tədbirlər keçirilir. Bakıda və İslamabadda təşkil olunan Pakistan və Azərbaycan mədəniyyət günləri, kino həftələri və incəsənət sərgiləri xalqların bir-birinin mədəni irsini daha yaxından tanımasına şərait yaradır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir