18 fevral 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə təntənəli yubiley tədbir keçirib.
Azinformasiya.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Yeni Azərbaycan Partiyasından bəhs edən qısametrajlı filmin nümayiş etdirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov ölkəmizə tərəqqi, inkişaf, yüksəliş, ictimai-siyasi sabitlik bəxş edən, müstəqil Azərbaycan dövlətini zəfərlərdən-zəfərlərə qovuşduran YAP-nın son dərəcə ağır, çətin bir durumda, mürəkkəb, ziddiyyətli şəraitdə yarandığını bildirdi. Natiq qeyd etdi ki, YAP-nın yaranması Azərbaycanın yeni tarixinin parlaq bir səhifəsinə çevrildi, çünki YAP H.Əliyev şəxsiyyətinin cazibəsindən, xalqın istəyindən, xalqımızın H.Əliyevə olan inamından, etibarından, sevgisindən yarandı və tarixə də “H.Əliyev partiyası” kimi daxil oldu, qısa zamanda xalqın dəstəyini qazanaraq hakimiyyətə gəldi.
İsmayıl İbrahimov bildirdi ki, Yeni Azərbaycan Partiyasının qazandığı qələbələrdə, qazandığı uğurlarda 18 mart 1995-ci ildə təsis olunan, sıralarında 5435 nəfər üzvü və 45 ərazi partiya təşkilatını birləşdirən Hacıqabul rayon təşkilatının da özünəməxsus payı vardır.YAP-nın ən sınanmış, mübariz və öndə gedən təşkilatlarından olan Hacıqabul rayon təşkilatı keçirilən bütün siyasi kompaniyalara və seçkilərə öz layiqli töhfəsini vermişdir. Ulu öndərin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan Dövlətinə xidmət etməkdir” sözləri rayon təşkilatının hər bir üzvünün şüarına, devizinə çevrilmişdir. Rayon təşkilatının bütün üzvləri fəxr edir ki, dövlətimizin İlham Əliyev kimi başçısı, partiyamızın İlham Əliyev kimi sədri vardır.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranmış bir partiyadır. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda böyük tarixi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edilmişdir, beləliklə də Yeni Azərbaycan Partiyası yaradılmışdır.
Sevindik Hətəmov qeyd etdi ki, bu gün Yeni Azərbaycan Partiyasının Hacıqabul Rayon Təşkilatının təsis edilməsinin 30-cu ildönümüdür. 30 il bundan öncə 18 fevral 1995-ci il tarixində 60 nəfərin iştirakı ilə təsis olunan rayon təşkilatı hazırda rayonumuzun ictimai-siyasi və mədəni həyatında əsas aparıcı qüvvəyə malikdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü Vahid Novruzov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Səyyad Salahlı çıxışında vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 32 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Ulu Öndər H.Əliyevin xalqımız qarşısında ən misilsiz xidməti ondan ibarətdir ki, dahi H.Əliyev özünün müəllifi olduğu siyasi kursun varisliyini, özünün yaratdığı dövlətçilik təliminin davamlılığını, dayanıqlığını təmin etmişdir. Yeni Azərbaycan Partiyasının nail olduğu qələbələr, müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər bir tərəfdən dahi H.Əliyevin həmişəyaşar, parlaq ideyalarından güc alırsa, Ulu öndərin xalqımızın gələcəyi hesablanmış dəyişməz siyasi xəttinə söykənirsə, digər tərəfdən İ.Əliyevin yorulmaz, fədakar, yenilikçi, qurub-yaradıcı, son dərəcə çox şaxəli və məqsədyönlü fəaliyyətindən, onun Azərbaycan naminə gecəli-gündüzlü zəhmətindən qaynaqlanır. Ulu Öndərin vəsiyyətlərinə əməl edən İ.Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti H.Əliyev inkişaf yolu ilə inamla irəliləyir. Bu gün respublikamızın hər tərəfli və dinamik inkişafı Ölkə Prezidenti, YAP sədri cənab İ.Əliyevin uğurlu siyasətinin və apardığı islahatların nəticəsidir. Cənab İ.Əliyev mühüm dövlət işləri ilə yanaşı Yeni Azərbaycan Partiyasına rəhbərlik edir, 800 mindən artıq partiya üzvünü inamla arxasınca aparır.
Partiya veteranları Sahib Aslanov və Tamella Ağayeva çıxışlarında bildirdilər ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və uğurlu siyasi fəaliyyətin nəticəsini – tarixi Qələbəni təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Çıxış edən natiqlər vurğuladılar ki, Yeni Azərbaycan Partiyası daima partiya sıralarında olan veteranların, qadınların və gənclərin fəaliyyətini diqqət mərkəzində saxlayır. Çıxışlarının sonunda YAP Hacıqabul rayon təşkilatının 30 illik yubileyi münasibəti ilə bütün partiyadaşlarını təbrik etdilər.
Sonra YAP Hacıqabul rayon təşkilatının təsis edilməsində xidmətləri olmuş partiya veteranları qiymətli hədiyyələrlə və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs isə Fəxri Fərmanla təltif edildilər.
Rayon Mədəniyyət işçilərinin konsert proqramı ilə davam edən tədbir Yeni Azərbaycan Partiyası Himninin sədaları altında sona çatdı.
Azinformasiya.az