Azərbaycan Respublikasında 29 yanvar 2025-ci il tarixinə təyin edilmiş bələdiyyə seçkilərinə artıq 1 həftə vaxt qalıb.
Azinformasiya.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri təşviqat mərhələsi çərçivəsində sakinlərlə növbəti səyyar görüşlərini Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsi 15-ci və 16-cı döngədə keçiriblər.
Görüşdə Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov, Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev və İlham Mirzəyev iştirak edib. Sakinləri salamlayan Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazandığını vurğulayıb. O bildirib ki, ölkəmizin 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 22 ildə həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafının ən başlıca səbəbidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin təcəssümüdür. İxdiyar Nəcəfov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı, xalqın orduya inamı və dəstəyi, milli və siyasi həmrəyliyimiz yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır.
Bələdiyyə sədrinin sözlərinə görə, ermənilərin xaraba qoyduğu Qarabağ bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən qurulur və keçmiş məcburi köçkünlərin dogma yurdlarına qayıdışı təmin olunur. İxdiyar Nəcəfovun sözlərinə görə, cənab İlham Əliyevin şəhid ailələri və qazilərə yüksək diqqəti göz önündədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də mühüm addımlar atılır.
Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır. Bununla bağlı dövlət başçısı tərəfindən son illər ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb.
Daha sonra namizədlər Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev və İlham Mirzəyev də çıxış ediblər. Onlar sakinləri qarşıdan gələn bələdiyyə seçkilərində aktiv olmağa və daim qələbələr qazanan YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Sakinlərdən bir neçəsi çıxış edərək son illər Qaraçuxur qəsəbəsi ərazisində görülən işlərə görə məsul şəxslərə təşəkkürlərini bildirərək seçkidə mütləq iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.
Görüşlər zamanı sakinlərin bir sıra təklifləri ilə bağlı müvafiq qeydlər aparılıb.
Azinformasiya.az