Zaxarova: Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır

“Azərbaycan təyyarəsinin qəzaya uğraması faciəsi ilə bağlı Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə təmas qurulub”.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Azərbaycanın təyyarəsinin qəzaya uğramasının Rusiya üçün də faciəvi hadisə olduğunu söyləyib: “Prezidentlərimiz iki dəfə telefon danışığı aparıblar. Xarici işlər nazirlərimiz danışıblar. Çox vacibdir ki, istintaq orqanları sıx əməkdaşlıq edir. Rusiya XİN rəhbəri Sergey Lavrovun illik mətbuat konfransında qeyd etdiyi kimi, baş vermiş hadisənin bütün faktlar və faktorlar nəzərə alınaraq hərtərəfli təhlili aparılır”.

Rusiya XİN sözçüsü vurğulayıb ki, qəza ilə bağlı hamıya həqiqət lazımdır: “Bizim hamımıza həqiqət lazımdır. Düşünürəm və inanıram ki, hər bir Azərbaycan vətəndaşına həqiqət lazımdır, deyə bilərəm ki, bu həqiqət heç bizim ölkəmizə də az lazım deyil. İndi bu həqiqəti axtarıb tapmaq üçün səyləri birləşdirmək vacibdir”.

Zaxarova KİV, messencerlər, sosial şəbəkələr vasitəsi ilə destruktiv məqsədlərlə istintaqın gedişatına kütləvi təsir cəhdlərinin müşahidə olunduğunu da söyləyib: “Bunlardan biri şəbəkələrdə guya Sergey Lavrov adından Azərbaycan diplomatlarına ünvanlanmış məktubdur. Biz bunu təkzib etdik. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu “feyk” pis olmayan ingilis dilində tərtib olunmuşdu. Bunun arxasında kim dayanır? Bu, kimə lazımdır? Düşünürəm ki, bu, Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərinə zərbə vurmaq istəyənlərə, eləcə də ümumavropa aviasiya logistikasını addım-addım məhv edənlərə lazımdır”.

Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər qəzadan sağ çıxıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir