Bugünlərdə gənc yazıçılardan biri bədii qiraət sahəsində yaranan vəziyyətdən gileylənib. Qeyd olunub ki, yaranmış boşluqdan istifadə edən hər kəs bədii qiraətçi olmaq iddiasına düşüb. İstedadı, səsi, aydın nitqi olan-olmayanlar texnologiyanın imkanından, xüsusən də tanınmış şairlərin şeirlərindən yararlanaraq özlərini reklam edirlər. Onlar bədii qiraətçiliyə sənət kimi deyil, bir növ məşhurlaşmaq, əylənmək kimi yanaşırlar.
Sosial mediada müzakirəyə səbəb olan bu yanaşma, səsləndirilən iddialarla bağlı Medianews.az-ın suallarını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar artist, bədii qiraətçi Ağalar Bayramov cavablandırıb.
– Ağalar müəllim, Azərbaycanda bədii qiraət sahəsində vəziyyəti necə dəyərləndirirsiniz?
– Hər sahədə olduğu kimi, bu sahədə də pərakəndəlik var. Yəni, istənilən adam əlinə mikrofon alır, kompüterdə səsini düzəldir, adını da qoyur bədii qiraət. Bədii qiraət başqa şeydir, şeir söyləmək başqa şeydir. Şairlər də şeir söyləyir, amma o bədii qiraət deyil. Bədii qiraət tam başqa şeydir. İndi bilirsiniz vəziyyət nə cür yaranıb? Belə bir deyim var, doğulduğum, böyüdüyüm rayonda ağsaqqallardan eşitmişəm: “Həsən də qəlyan çəkir, Hüsən də qəlyan çəkir, təmbəki bol olanda Hətəm də qəlyan çəkir”. Bədii qiraət deyəndə göz önümə, Allah qəni-qəni rəhmət eləsin, düzdür, mən Kazım Ziyanı görməmişəm, amma Kazım Ziya, Müxlis Cənizadə və başqaları gəlir. Mənim səsdən necə istifadə etməyi öyrəndiyim, duyğulandığım sənətkarlar var. Bunlar rəhmətliklər Həsən Əbluc və Mikayıl Mirzədir. Bu sahənin sahibləri çox azdır. Söhbət əsas sənətdən gedir. Daha Həsən, Hüsən, Hətəm kimilərdən yox. Gör nə qədər muğam, meyxana oxuyan var, şou əhli nə qədərdir, amma mənim üçün bədii qiraət sənətinin daşıycıları azdan da azdır. Onlara nümunə olaraq Kazım Ziya, Müxlis Cənizadə, Həsən Əbluc, Əminə Yusifqız, İlham Əsgərov və sənətindən bəhrələndiyim Mikayıl Mirzəni göstərmək olar. Bu siyahıya əlavə də 2-3 nəfər artırmaq olar. Bəndəniz Ağalar Bayramov özündən qabaqkı sələflərinin gözəl sənətini az da olsa səsləndirib, davam etdirib, xalqın qəlbində yuva salıbsa, deməli özümü xoşbəxt hesab edə bilərəm.
– Sizin nəzərdə tutduğunuz və haqqında bəhs etdiyiniz bu sənətin, əsl yaradıcılıq növünün arxasınca gedənlər çoxdurmu?
– İndikilərin nə səsinin ahəngindən, nə səs texnikasından düzgün istifadə etməkdən, nə də məntiqi vurğulardan düzgün istifadə etməkdən xəbərləri var. Orfoqrafiyanı, orfoepiyanı ayıra bilməyənlər əlinə mikrofon alır, toylarda masabəylik edir. Əslində bu, pis bir şey deyil. Sadəcə məsələ budur ki, bədii qiraət bir növ tamaşa deməkdir. Səsləndirdiyin əsərlərlə göz önündə günün mənzərəsini canladırmalısan, söz, fikir deməlisən. Yoxsa, kiməsə xoş gəlsin deyə, ibarəli sözlərdən ibarət, amma arxasında heç bir məntiq olmayan şeirlər səsləndirirlər. İndi həmin şeirlərlə nə qədər meydan sulayanlar var. Xalqın qəlbində yuva salmaq isə tamam başqa şeydir. Bu sənətdə əsas məlahətli səs, sözlə yaşamaq və bir də ürəkdir. Məsələn, Məhəmmədhüseyn Şəhriyar özü “Heydərbabaya salam” poemasını, “Yar qasidi” şeirlərini səsləndirib. Vurğular yerində deyil, amma olsun, əsas ürək, yaşantı var. Bir daha vurğulayıram ki, bədii qiraətdə əsas yaşantıdır və bir də ilahi, ürəyə yatımlı səsdir. Alman aktyoru Passak deyirdi ki, mənim səsim var dövlətimdir. Yadıma Həsən Əblücün iliklərə işləyən səsi düşdü. Yaxud rus aktyoru Aleksandr Belyavski var. O, “Görüş yerini dəyişmək olaz” filmində quldur Yevgeni Foks obrazında çıxış edir. Onun çox gözəl səsi var. Mən Belyavskinin filmlərdə dublyajına da baxmışam. Xüsusən “Sprut” serialındakı dublyajını qeyd etmək istərdim. Vaxtilə Vladimir İliç Lenin deyirdi ki, oxumaq, oxumaq, yenə də oxumaq. Bədii qiraət sənətində də səs, səs, yenə də səs önəmlidir. Bu sənətin daşıycıları, xüsusən Rusiyada Zaquşniyaq olub. Bədii qiraət sözü oradan yaranıb. Ruslar buna “xudojestvennoye çteniye” (художественное чтение) deyirlər. Zaquşniyaq bir gün Özbəkistanda Daşkənddə imiş. Daşkənd bazarının yanından keçəndə görür ki, bir nəfər satıcı yemiş maşınının üstünə çıxıb ibarəli səslə nə isə danışır. Bütün bazardakı satıcılar işlərini buraxıb gəlib ona qulaq asırlar. Zaquşniyaq dayanır, dinləyir və deyir: “Bax budur bir aktyorun teatrı” (Вот театр одного актёра). Bədii qiraət də budur.
– Özünüzlə, siz yaşda olan nəsillə müqayisə edəndə indiki nəslin əsl bədii qiraətə, yəni sənətə üstünlük verməməsinin, həvəs göstərməməsinin səbəbi nədir?
– Bədii qiraət ağır, çətin sənətdir. Bu mahnı deyil ki, yazdırıb özünü “sənətə” pərçimləyəsən. Bu sənətdə yaddaş, ürək, yenə deyirəm, səsin tembri lazımdır. Çox adam gəlir deyir ki, mən istəyirəm bədii qiraətlə məşğul olum. Baxıb görürəm ki, bu, o deyil. Bu sənət anadan doğulandan insanla birlikdə doğulur. Bu, fonoqrama deyil ki, səs yazdıqdan sonra gedib toylarda, tədbirlərdə oxuyasan. Burada bir az səhv etdin, söz yaddan çıxdısa necə olacaq? İndiki nəslin bu sənətə üstünlük verməməsinin səbəbi budur. Düzdür, bəziləri üçün asandır, amma əsl sənəti başa düşən üçün bədii qiraət böyük və çətin sənətdir. Güclü yaddaşın olmalıdır, daim mütaliə etməlisən, gözəl əsər, yəni şeir, hekayə seçimin olmalıdır. Məsələn, bədii qiraətə bir nümunə Əməkdar artist Həsənağa Salayev olub. “Dəli Kür” romanında Cahandar ağanın Qəmər adlı atla söhbəti var. Filmdə Cahandar ağanın atının quyruğunu qırxırlar. Romandakı həmin dialoq filmdə yoxdur. Amma mən ona radioda qulaq asmışam. Həsənağa Salayev atla danışır: “Sən məni odlardan, alovlardan qorumusan. İndi mən nə edim, Qəmər? Sənin quyruğunu qırxıblar”. Nə namusdan keçə bilir, nə də atdan. Həsənağa Salayev bu dialoqu elə səsləndirirdi ki, göz önünə Cahandar ağanın ürəyi, ata baxışları gəlirdi. Bax bu əsərdir, tamaşadır.
– Hazırda bu müsahibəni oxuyan, bədii qiraətçi olmaq istəyən insanlara nə tövsiyə edərdiniz? İlk olaraq nədən başlasınlar, nə etsinlər, hansı meyarlara, şərtlərə, qaydalara üstünlük versinlər?
– Bədii qiraətçi olmaq üçün əsas düzgün diksiya, tələffüzdür. Bununla yanaşı, danışıq taklarını bilmək lazımdır. Yəni, sözləri bölməyi, səsdən, durğu işarələrindən düzgün istifadə etməyi bacarmalısan. Nümunə olaraq Səməd Vurğundan bir parça deyim: “Böyük təbiətlər yaranır az-az, Hər yerdə, hər zaman inci tapılmaz”. Müəllif əsərindən doğan yaradıcı aktyorun sözə münasibəti olmalıdır. Nə olsun ki, şair orada “az-az”dan sonra vergül qoyub. Amma tamaşaçıya o fikri çatdırmaq üçün o vergülü götürüb qoymalısan “təbiətlər”ə. Nəyə görə? Ona görə ki, “təbiətlər” deyəndə göz önünə dahilər, yəni Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Teodor Drayzer, Vilyam Şekspir, Firdovsi və sairlər gəlir. Bəs onu necə çatdırmalısan? Axı o “təbiətlər”in üstündən tez keçmək olmaz. Tamaşaçıya deyirsən ki, “Böyük təbiətlər yaranır az-az”. Tamaçaçı haradan bilsin “təbiətlər” nədir. Onu çatdırmaq üçün “az-az”dan sonra vergülü gətirib qoymalısan “təbiətlər”ə. Mən ki, “təbiətlər”dən sonra pauza verirəm tamaşaçı duyur ki, burada həmin dahilər nəzərdə tutulur. Amma onun üstündən keçsən, vergülü olduğu yerdə qoysan, onda sözün mahiyyəti itir-batır, yox olur. Məhəmmədhüseyn Şəhriyar demişkən, “Keçdi-getdi, itdi-batdı, dağıldı”.
– Səhv etmirəmsə, 33 ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirsiniz. Ötən bu bir qərinədə müsbətə və mənfiyə doğru nə dəyişib? Bir pedaqoq, alim, müəllim olaraq öz sahənizlə əlaqəli gənclərdə nələri müşahidə edirsiniz?
– Mən 1985-ci ildə universiteti bitirmişəm. Amma məni oxuya-oxuya 1984-cü ildə universitetdə saxlayıblar. Yəni, mən universiteti işləyərək bitirmişəm. Ozamankı rektor rəhmətlik akademik Aslan Aslanov idi. O, çox böyük alim idi. SSRİ Xalq artisti Rəşid Behbudovun oxuduğu “Lalələr” mahnısının sözləri Aslan Aslanova məxsusdur. 1984-cü ildən orada Tədris teatrında aktyor, Teatr sənətinin dekan müavini işləmişəm. 1991-ci ildən bu günə kimi isə universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Əvvəl müəllim, sonra baş müəllim, daha sonra isə dosent rütbəsinə yüksəlmişəm. Hazırda Səhnə danışığı kafedrasının məsləhətçi professoruyam. Çoxlu tələbələrim olub. İçərisində bu sənətə meylli olanları görmüşəm, səslərinə heyran olduqlarım da olub. Kimlərsə sənətə davam ediblər. Nə də olsa zəmanə dəyişib, ötən əsrin 70-80-ci illəri deyil. Elələri də var ki, pul qazanmaq xətrinə bu sənətdən uzaqlaşıblar. Bu sənət çox ağırdır. Bu sənətlə ailə dolandırmaq çox çətindir. Amma çox sevinirəm ki, mən bu sənətin daşıyıcılarındanam. Az da olsa özümdən qabaqkı sələflərin yolunu davam etdirirəmsə, özümü xoşbəxt sayıram.
– Bəzən iddialar səsləndirilir ki, bədii qiraətçiləri məşhur edən öz yaradıcılıqları deyil, məşhur şairlərin şeirlərini bədii qiraət etmələridir. Yəni, o məşhurlara görə sizləri tanıyırlar. Belə fikirlərə münasibətiniz necədir?
– O iddiaların üstündən tamam xətt çəkirəm. Xeyir, o deyil. Mən Ağalar Bayramov elə şairlərin şeirlərini səsləndirmişəm ki, onların bir dəfə də üzünü görməmişəm, çay içməmişəm, həyatda rast gəlməmişəm və dünyalarını da dəyişiblər. Məsələn Alim Məhərrəmlini görməmişəm. Onun “Hava” adlı şeirini səsləndirmişəm. Məni əsərə cəlb edən o şeirin, misranın altında yatan duyğulardır. Yaxud əslən Kəlbəcərdən olan rəhmətlik Ənvər Rzanı da görməmişəm. Onun “Çörək” adlı şeirini səsləndirmişəm. Ola bilər ki, mənim o şairdən xoşum gəlməyib. Məni o düşünürməyib. Düşündüyüm onun əsl poeziya nümunəsi olmasıdır, şeir yox. Şeirlə poeziyanın arasında çox məsafə var. Yəni, mən o fikirlərin üstündən xətt çəkirəm ki, guya o məşhurlara görə bizi tanıyırlar. Mənim üçün bu yalan düşüncədir. Məsələn, mən Hüseyn Cavidi səsləndirmişəm. Mən Hüseyn Cavid görmüşəm? Düzdür, məşhurdur. Onun əruz vəznində şeirini səsləndirmişəm: “Öylə bir əsr içindəyim ki, cihan, Zülmü vəhşətlə qavrulub yanıyor. Yüz çevirmiş də tanrıdan insan, Küfrü haq, cəhli mərifət sanıyor”. Əli Kərim dünyasını dəyişəndə mən uşaq idim. Elə şairlər var ki, tək bir şeiri, hekayəsi, yazısı ilə həyatda iz buraxıblar. Mən Cəlil Məmmədquluzadənin felyetonlarını səsləndirmişəm. Məgər bu zaman Mirzə Cəlilin qohum-əqrəbasını, yaxını olan hansısa jek müdirini düşünmüşəm ki, bu, onlara xoş gəlsin? Ona görə də bunların hamısı yalan fikirlərdir. Əsas ədəbi materialdır. İstər Xalq şairi, yazıçısı olsun, istərsə olmasın. Bədii qiraət sənəti ilə məşğul olan üçün onun heç bir fərqi yoxdur. Eləcə də Ağalar Bayramov üçün.
– Sizi sevənlərə, dinləyənlərə, yaradıcılığınızı yaxından izləyənlərə sözünüz, arzunuz nədir?
– Allah bu sənəti, istedadı, bacarığı mənə xalqıma, dövlətimə xidmət etmək üçün verib. Mən bu səsi boş verə xərcləmərəm. Mən şeiri urvatdan salmaram. Kimin söz olduğunu bilmirəm, deyir ki, mətahin, satma bazarə, xridar olmayan yerdə . Çalışmışam ki, o yerdə ki, bu sənətə qiymət verirlər, başa düşürlər, dinləyirlər orda sənət nümunəsi göstərim. Yoxsa çayxanalarda, orda burda qalxım şeir söyləyi. 10 nəfərə xoş gəlsin deyə şeiri urvatdan salmaq olmaz. Məhəmməd peyğəmbər deyirdi ki, şeir əzbərləyin, şeir nitqinizi gözəlləşdirir. Məsələn, rəhmətlik Xalq şairi Zəlimxan Yaqub haradan deyirdin oradan söyləyirdi, Həsənoğlundan tutmuş Xəstə Qasıma kimi. Zəlimxan Yaqub çıxış edəndə danışığında onlardan misal gətirməklə sözə daha gözəl bər-bəzək, rənglər verirdi. Məni sevənlərə üz tutub deyirəm ki, poeziyanı sevin, oxuyun. O demək deyil ki, çıxış edəcəksiniz. Heç olmasa yaddaşınızda bir poetik nümunə qalsın. Məni sevənlərə poeziyadan kövrək duyğuları qədər duyğulu ömür, məhəbbət, sevgi arzu edirəm. Sevin, yaşayın, yaradın. Bizi bütün bəlalardan bir-birimizə olan sevgimiz, bal dillərimiz xilas edəcək. Sözümə Dədə Ələsgərin bu misrası ilə yekun vururam: “Can” deməklə candan can əskik olmaz, Məhəbbət artırar, mehriban eylər. “Çor” deyənin nəfi nədir dünyada, Abad könlü yıxar, pərişan eylər”.
Söhbətləşdi: Nailə QASIMOVA
medianews.az
Azinformasiya.az