“Eyni zamanda, imkan verdik ki, – söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, – erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər. Amma yenə də mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan ayaqyalın Murov aşırımından, Ömər aşırımından keçərək çıxdılar. Bir çoxları da yolda donub həlak oldular. Onlar bizə vaxt verdilər?
Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”, – dövlət başçısı bildirib.