İspaniyada Avropa və bir sıra müsəlman dövlətlərinin xarici işlər nazirləri Fələstinin müstəqil dövlət kimi tanınması və ardınca BMT üzvlüyünə qəbul edilməsi ətrafında müzakirə aparıblar.
Azinformasiya.az “Reuters“ə istinadən məlumatına xəbər verir ki, görüşdə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel, o cümlədən Türkiyə, Norveç, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İndoneziya və Nigeriyanın baş diplomatları iştirak edib.
Fələstin tərəfi isə Baş nazir Məhəmməd Mustafa tərəfindən təmsil olunub.
Müzakirələrdən sonra açıqlama verən İspaniyanın xarici işlər naziri Xose Manuel Albares tərəfləri İsrail-Fələstin münaqişəsinin həlli üzrə beynəlxalq öhdəliklərin icrasına, həmçinin bu məsələnin iki dövlət prinsipi əsasında qısa müddətdə həllinə dair tədbirlər planının hazırlanmasına çağırıb.
O bildirib ki, tərəflər Fələstinin beynəlxalq hüququn subyekti kimi tanınması məsələsində praktik fəaliyyətə keçməklə bağlı razılıq əldə edib.
Azinformasiya.az