Batumidə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib, protokol imzalanıb

Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani arasında üçtərəfli görüş keçirilib.

 

Azinformasiya.az  Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə əsrlərdir xalqlarımızın mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi olaraq qeyd edilib.
Qarşılıqlı etimada əsaslanan əməkdaşlığın xalqlarımızın xoşbəxt gələcəyi və rifahının təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Üçtərəfli görüşdə müasir dövrün çağırışları, eləcə də regionumuzun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə birgə səylərin birləşdirilməsinin və bu istiqamətdə fəaliyyətlərin qarşılıqlı əlaqədə həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Müdafiə nazirləri üçtərəfli və ikitərəfli birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Əminliklə vurğulanıb ki, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın inkişafı təkcə ölkələrimiz üçün deyil, eləcə də regionda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına böyük töhfələr verəcəkdir.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox mövzularla bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir