Prezident İlham Əliyev Tacikistan dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.

 

Azinformasiya.az  xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin uzaqgörən rəhbərliyiniz altında Tacikistan hərtərəfli inkişaf və sosial-iqtisadi yüksəliş yolu ilə inamla addımlayaraq beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.

Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Qardaş xalqlarımız arasında təşəkkül tapmış çoxəsrlik möhkəm dostluq əlaqələri, aramızdakı fəal siyasi dialoq və qarşılıqlı anlaşma bu gün yüksək səviyyəli
Azərbaycan-Tacikistan əməkdaşlığını şərtləndirən başlıca amillərdəndir.

Bu ilin mayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Tacikistan əlaqələrinin tarixində yeni səhifə açmış, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Əminəm ki, həyata keçirdiyimiz çoxsaylı qarşılıqlı səfərlər əsnasında əlaqələrimizin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar dövlətlərarası əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə, qardaş xalqlarımız arasında həmrəyliyin daha da möhkəmlənməsinə, ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafına və rifahına töhfələr verəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir