Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk özünün sosial şəbəkə hesabında paylaşım edib.
Ruslan Stefançuk Dmitri Kulebanın istefa ərizəsinin fotosunu paylaşıb. Kuleba istefa ərizəsini Ali Radaya təqdim edib.
Bununla yanaşı baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk, həmçinin hökumət başçısının Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina vəzifələrindən ayrılmaq haqqında ərizə veriblər.
Spikerin sözlərinə əsasən, müraciətlərə qanunverici orqanın plenar iclaslarından birində baxılacaq.
Bu arada, Ali Radanın deputatı Aleksey Qonçarenko Olqa Stefanişinanın ədliyyə naziri təyin olunacağı barədə ehtimal irəli sürüb. Deputat bildirib ki, bu postda da onun Avrointeqrasiya prosesləri ilə məşğul olacağı gözlənilir.
Xatırladaq ki, dünən ölkənin strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets, habelə Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.
Azinformasiya.az