Siyarto Qara dəniz sualtı kabel layihəsinin geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşdığını bildirib

Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto bildirib ki, gələcəkdə Azərbaycan və Gürcüstandan Macarıstanla Rumıniyaya ekoloji cəhətdən təmiz elektrik enerjisinin idxalına imkan verən layihə geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşır. Buxarestdə Macarıstan-Azərbaycan-Gürcüstan-Rumıniya yaşıl enerji tərəfdaşlığına həsr olunmuş görüşdə nazir bu çətin dövrdə milli təhlükəsizliyin əsas elementi kimi enerji təhlükəsizliyinin vacibliyini vurğulayıb.

Azinformasiya.az  xəbər verir ki, bu barədə Macarıstan Baş nazirin sözçüsü Zoltan Kovacs “X” paylaşımında bildirib.

“Xarici işlər naziri Siyarto Macarıstanın dörd əsas prinsipə əsaslanan enerji strategiyasından danışdı: Pakş atom elektrik stansiyasında iki yeni reaktorun inşası ilə nüvə gücünün genişləndirilməsi, günəş enerjisi gücünün əhəmiyyətli dərəcədə artması, etibarlı enerji tədarükçüləri ilə əməkdaşlıq axtarışı və yeni tədarük marşrutlarının tətbiqi. O, parlaq nümunə kimi Gürcüstan və Azərbaycandan yeni ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinə imkan verəcək, Macarıstanın elektrik enerjisi istehlakının dayanıqlığını artıracaq “yaşıl enerji dəhlizi” layihəsini göstərib. Nazir qeyd edib ki, layihə sürətlə irəliləyir, iştirakçı ölkələrin elektroenergetika şirkətləri birgə müəssisə yaradır və tezliklə yaşıl enerji sahəsində dəyişdirilmiş tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır. O, Aİ-nin bu təşəbbüs üçün lazım olan infrastrukturun inkişafına maliyyə dəstəyi verəcəyinə ümid etdiyini bildirib və bu cür layihələrin uğurunun çox vaxt maliyyələşmədən asılı olduğunu vurğulayıb. 1100 kilometr uzunluğunda bir sualtı kabel uzunluğu rekordu qıracaq və tikinti başa çatdıqdan sonra təmiz elektrik enerjisi idxalını asanlaşdıracaq”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, 3 sentyabr tarixində paytaxt Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 8-ci iclası keçirilir. İclasda energetika naziri Pərviz Şahbazov da iştirak edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir