Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
Azinformasiya.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Ankarada gerçəkləşən görüş zamanı Yaşar Gülər Azərbaycanın bütövlüyü, təhlükəsizliyi və əmin-amanlığı uğrunda böyük şücaət, qəhrəmanlıq və fədakarlıq göstərən şəhid ailələrinə başsağlığı verib.
“Azərbaycan əcdadlarımıza və tariximizə yaraşan şəkildə öz torpaqlarına sahib çıxıb. Türk milləti min illik şanlı tarixi boyunca özünün milli dəyərləri uğrunda hər cür fədakarlıq göstərmiş, hətta lazım gəldikdə canını belə fəda etmişdir. Azərbaycan türkləri də ürəklərində qanayan yara olan Qarabağın azadlığı üçün ata-babalarımıza yaraşaraq vətənini, haqqını və öz torpaqlarını qoruyub saxlayıblar”, – o əlavə edib.
Nazir Azərbaycan Ordusunun şanlı və silinməz tarix yazdığını vurğulayıb: “Onlar özlərinin döyüş qabiliyyəti ilə Qafqaz regionunun sabitliyi və təhlükəsizliyi üçün əvəzsiz qüvvə olduğunu sübut ediblər”.
Yaşar Gülər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə də toxunub: “Azərbaycan və Türkiyə tarixi, mədəni bağlarla bir-birinə bağlanan iki dövlət bir millətdir. Azərbaycanın gücü bizim gücümüz, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olmuşuq və bundan sonra da belə olacağıq”.
Azinformasiya.az