Prezident Ukraynanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

 

Azinformasiya.az   xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Prezident Volodimir Zelenski ilə bir neçə gün əvvəl telefon danışığını xatırladaraq, bu müstəvidə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrimizin müstəqilliklərinin bərpasından bəri Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığı və ölkələrimiz arasında ikitərəfli əsasda yaxşı əlaqələrin olduğu qeyd edildi, həmçinin dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulandı.

Səfir Ukraynaya göstərilən humanitar dəstəyə, xüsusilə Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirdi.

Yuri Qusev ötən gün Azərbaycanın Laçın şəhərinə səfər etdiyini və burada görülən bərpa-quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, İrpen və Laçın şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması məsələsini qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir