“Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi igid övladlarımız səfərbərlik xətti və könüllülü olaraq erməni faşizminə qarşı döyüşə atıldılar. Bugünə qədər onlar hərbi xidmətlərini yerinə yetirməkdədirlər. Bu insanların xeyli hissəsi ailəlidir, övladları var. Onların içərisində elələri var ki, ailənin yeganə övladıdır və çörək qazananıdır. Həmin insanların minimum ehtiyaclarının ödənilməsində problemlər mövcud idi”.
Bunu Azinformasiya.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, bu məsələ ilə bağlı ona müraciətlər daxil olub: “Seçicilərimdən Laçında, Şuşada xidmət edənlər mənə müraciət etdilər. Onların ailələri ilə tanış oldum və dedikləri həqiqətən bizə bəlli olandan sonra imkanım daxilində 12 belə ailəyə kömək etdim.
Daha sonra bu məsələni Maliyyə Nazirliyi səviyyəsində qaldırdım. Nazirlikdən dedilər ki, belə problemlər var və bu məsələnin üzərində işləyirik. İki gün bundan öncə maliyyə nazirinin müavini Azər Bayramov mənə söylədi ki, o insanlar ki, səfərbərlik və könüllük xətti ilə sentyabrın 27-dən bugünədək xidmət edirlər cənab Prezidentin tapşırığı ilə onların hər birinə 360 manat vəsait ayrılıb. Həmin şəxslərə xidmətə daxil olduqları gündən hesablanmaq şərti ilə 360 manat ödəniləcək. Bundan sonra da onlar əgər hərbi xidmətlərini davam etdirsə, yenə də ayda 360 manat alacaqlar. Bu, rəsmi xəbərdir. Hətta Maliyyə Nazirliyindən mənə verilən məlumata görə, bununla bağlı 50 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyindən mənə verilən rəsmi məlumata görə, sentyabrın 27-dən səfərbərlik xətti və könüllük prinsipi ilə Vətən müharibəsində iştirak edən şəxslərə 360 manatın verilməsi prosesinə başlanılıb”.