Prezident İlham Əliyevin 26 yanvar 2016-cı il tarixində “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının IIi ilinin yekunlarına həsr olunmuş konfransında yekun nitqində əhalinin işlə təmin edilməsi, məşğulluq səviyyəsinin artırılması məqsədilə iri dövlət müəssisələrində və təşkilatlarında haqqı ödənilən ictimai iş yerlərinin təşkil olunması tapşırığına əsasən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilə mülki-hüquqi müqavilə əsasında xidmət göstərən fərdi sahibkarla xidməti müqavilələr bağlanılıb. Bu müqavilələrin sayı təqribən 8 500 nəfəri əhatə edir.
Azinformasiya.Az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Məşğulluq Strategiyası”nın 4.4.5-ci bəndində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik, səmərəli təşkili məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu sahədə səmərəli idarəetmənin təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus “DOST İş Mərkəzi” MMC yaradılıb. Bu il dekabrın 2-də şirkətlə “Azəriqaz” arasında saziş bağlanıb. Həmin sazişə görə “Azəriqaz” 30 dekabr 2020-ci il tarixi etibarilə fərdi sahibkarlarla bağladığı qüvvədə olan bütün mülki-hüquqi müqavilələrə xitam verməyi, “DOST İş Mərkəzi” isə 2021-ci ilin yanvar ayından həmin şəxslərlə əmək müqaviləsi bağlamağı öhdəsinə götürüb. Beləliklə, mülki-hüquqi müqavilələrin ləğv edilərək müvafiq qaydada əmək müqaviləsinin bağlanması dövlət səviyyəsində həyata keçirilən bir tədbir olub əhalinin məşğulluğunun, əmək, sosial müdafiə və təminatının yüksəldilməsinə, onların sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.
“DOST İş Mərkəzi” ilə həmin vətəndaşlar arasında yaranacaq əmək münasibətləri müvafiq qaydada əmək müqaviləsi bağlanması yolu ilə əmək qanunvericiliyinə uyğun rəsmiləşdiriləcək, vətəndaşlara aylıq 250 manat hesablanmış (xalis 241 manat) əmək haqqı təyin ediləcək, onlar üçün əmək kitabçası açılacaq, bununla onlara iş stajı hesablanacaq ki, bu da gələcək karyeralarında daha yüksək əmək haqqısı olan işə keçmək istədikləri zaman nəzərə alınacaq. Həmçinin onlar əmək qanunvericiliyi ilə digər vətəndaşlara verilən məzuniyyət, istirahət və s. hüquqlarından tam istifadə edə biləcəklər. Bu şəxslər yenə ictimai işlərin yerinə yetirilməsi məqsədilə “Azəriqaz”a və digər dövlət müəssisə və təşkilatlarına təhkim olunacaqlar. Əmək müqaviləsinin bağlanmaması üçün yeganə səbəb bunlar ola bilər: vergi borcunun tam ödənilməməsi və VÖEN-in fəaliyyətinin dayandırılmaması və başqa işəgötürənlə qüvvədə olan əmək müqaviləsinin mövcud olması. Bunlar olmadığı təqdirdə “Azəriqaz” mülki-hüquqi müqaviləsinə xitam verdiyi bütün vətəndaşlarla “DOST İş Mərkəzi” əmək müqaviləsi bağlayacaq.
28 sentyabr 2020-ci il tarixli ölkədə qismən səfərbərlik elan edilməsi haqqında prezident sərəncamı əsasında hərbi xidmətə çağırılan və mülki-hüquqi müqavilə ilə “Azəriqaz”a xidmət göstərən hərbi vəzifəlilərlə bağlanmış xidməti müqavilələrə isə həmin şəxslər tərxis olunanadək xitam verilməyəcək.