Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Azinformasiya.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu. Gəldiyiniz üçün sağ olun.
Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik.
Bu gün bizim həm də BAM-ın veteranları ilə görüşümüz olacaq, danışılacaq bir çox mövzu var. İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.
Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər.
Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəfli münasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmiz artır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur.
Sözsüz ki, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən də danışacağıq. Bir çox məsələlər var ki, onlar olduqca həssasdır. Biz Sizinlə onların hər birini müzakirə edəcəyik.
Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Hörmətli Vladimir Vladimiroviç.
Dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam.
BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bugünkü tədbirdə iştirakla bağlı dəvətinizə görə ayrıca təşəkkürümü bildirirəm. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndiririk. Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik.
Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik.
Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.
Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.
Bugünkü görüşə görə bir daha minnətdarlığımı bildirirəm və əminəm ki, bu, münasibətlərimizin inkişafına yeni təkan verəcək.
Sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.
Azinformasiya.az